Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Vətən dili” dərs vəsaiti yenidən çap olunub
03.04.2019 15:41
  • A-
  • A
  • A+

“Vətən dili” dərs vəsaiti yenidən çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda fil.ü.f.d, dosent Vüqar Qaradağlının tərtibçiliyi ilə yenidən işlənmiş “Vətən dili” dərs vəsaiti ikinci dəfə nəşr olunub.

Kitabın elmi redaktorları, akademiklər - Vasim Məmmədəliyev və Tofiq Hacıyevdir.

Dərsliyin müəllifləri Azərbaycanın iki görkəmli maarifçisi, pedaqoqu və metodisti – Aleksey Çernyayevski (1840-1894) və Səfərəli bəy Vəlibəyovdur (1856-1902).

Azərbaycanda ilk anadilli dərs vəsaiti hesab olunan əsər iki hissədən ibarətdir. Çernyayevskinin müəllifi olduğu I hissə birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Burada rəsm, yazı nümunələri, əlifba ilə tanışlıq, əski Azərbaycan əlifbasını təşkil edən hərflərin adlarını açıqlayan cədvəllər, söz birləşmələri, qısa cümlələr, kiçik hekayələr, atalar sözləri, tapmacalar və digər folklor nümunələri yer alır.

A.Çernyayevskinin S.Vəlibəyovla birgə hazırladığı “Vətən dili”nin II hissəsinə müxtəlif mövzulu ibrətamiz hekayələr, folklor nümunələri, təsərrüfat əşyaları, bitki və heyvanat aləmi, coğrafiya, nəbatat, tikinti və pul haqqında məlumatlar daxildir.

Qeyd edək ki, “Vətən dili” kitabının tərtibçisi V.Qaradağlı eyni zamanda mətnin transfoneliterasiyasının, ön sözün, izahların, 3400-dən artıq haşiyənin, 10000-dən artıq sözdən ibarət tezlik lüğətinin və 40-dək cədvəlin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: