Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli Dövlət İdarəçilik Akademiyasında Azərbaycançılıq konsepsiyasına dair məruzə edib
04.04.2019 10:13
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Dövlət İdarəçilik Akademiyasında Azərbaycançılıq konsepsiyasına dair məruzə edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin növbəti açıq dərsi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycançılıq konsepsiyası: cəmiyyətdə və ədəbiyyatda” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu söyləyib. Bildirib ki, dahi şəxsiyyətin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə güclənməsinə zəmin yaradıb. İsa Həbibbəyli təhsil, elm, mədəniyyət və ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Ümummilli Liderin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin ölkəmizdə mədəni həyatın canlanmasına gətirib çıxardığını diqqətə çatdırıb. O, əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb.

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideya, müstəqil dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığını deyən İ.Həbibbəyli vurğulayıb ki, ümummilli lider azərbaycançılıq ideologiyasının banisidir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin milli ideologiyasını yeni keyfiyyətlərlə daha da zənginləşdirib.

AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində ana dilində yaranan ədəbiyyat faktoru əsas götürülməklə ədəbiyyatımızın Məhəmməd Füzulidən başlaması fikri irəli sürülüb. Anadilli ədəbiyyat prinsipini əsas kimi qəbul etməklə Yusif Vəzir Çəmənzəminli Azərbaycan ədəbiyyatını İmadəddin Nəsimidən, İsmayıl Hikmət İzzəddin Həsənoğludan, Mehmet Fuad Köprülüzadə isə Qazi Bürhanəddindən başlamağı məqsədəuyğun sayıblar. Nizami Gəncəvinin əsərlərində Bərdədən və Dərbənddən, Əfzələddin Xaqaninin Şamaxı, Təbriz və Şabrandan, Qətran Təbrizinin Ərdəbil, Gəncə, Naxçıvan, Sərab, Şadiabaddan söz açmaları bu ədəbiyyatda Azərbaycan mövzusunun, milli ruhun özünəməxsus yer tutduğunu əks etdirir. 

Qeyd olunub ki, Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsrəddin” ədəbi məktəbinin məqsədləri və vəzifələri bir-birini tamamlayır. Azərbaycançılıq mollanəsrəddinçilik təliminin ideya əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim siyasi-ideoloji baxışlar səviyyəsində səslənir. “Açıq ana dilində” yazmaq, “açıq yazmağı da bacarmaq” mollanəsrəddinçilik hərəkatını təmsil edən şair və yazıçıların əsas üslubi istiqamətini müəyyən edir.

AMEA-nın vitse-prezidenti ulu öndərin Naxçıvandakı fəaliyyətindən də ətraflı söhbət açıb, həmin dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində xalqımız və ölkəmiz üçün mühüm tarixi qərarların qəbul edildiyini söyləyib. O, dahi liderin Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etdiyini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: