Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dünyaca məşhur “Kitabi Bəhriyyə” əsəri rus dilində çapdan çıxıb
17.04.2019 09:34
  • A-
  • A
  • A+

Dünyaca məşhur “Kitabi Bəhriyyə” əsəri rus dilində çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.

Əsəri qədim osmanlı dilindən rus dilinə Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva tərcümə edib. Kitabın tərtibatı və “Ön söz”ü T.Əliyevaya məxsusdur, elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.

1521-ci ildə yazılmış “Kitabi Bəhriyyə” Piri Rəisin dənizçilik fəaliyyəti boyu gəzdiyi, gördüyü yerləri təsvir edən qeydlərindən ibarətdir. Kitaba Piri Rəisin gördüyü yerlərin xəritələri də əlavə olunub.

“Kitabi Bəhriyyə”nin bir hissəsi nəzmlə yazılıb. 972 beytdən ibarət olan bu hissə 23 qismə bölünür. Burada dənizçilərə edilən tövsiyələr, təbiət hadisələri, xəritələr, adalar, dənizlər, Atlantik okeanı, Amerikanın kəşfi və s. haqqında məlumatlar yer alır. Məlumatların içində maraqlı bir fakt da nəzərə çarpır ki, yeddi dənizin adını çəkən Piri Rəis sonuncu dənizi “Bəhri Külzüm” adlandırır. Heç bir okeana çıxışı olmayan bu dənizdən bəhs edən çoğrafiyaçının Xəzər Dənizini nəzərdə tutduğu ehtimal oluna bilər.

Kitabın yerdə qalan və böyük hissəsi nəsr şəklində yazılıb. 209 fəsildən ibarət bu hissədə Aralıq Dənizi və Egey dənizi sahilləri haqqında, eləcə də bu dənizlərə aid adaların, limanların, qayaların və s. ətraflı təsvirləri verilir.

Nəşrin nəzmlə yazılmış hissəsi hərfi tərcümə olunub.

“Kitabi Bəhriyyə” tarixçilər, coğrafiyaçılar və dənizçilər üçün qiymətli mənbə hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: