Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.04.2019 10:12
  • A-
  • A
  • A+

AMEA YT Parkda “EnterpriseAzerbaijan.com” portalının nümayəndəsi ilə görüş keçirilib

AMEA YT Parkda “EnterpriseAzerbaijan.com” portalının nümayəndəsi ilə görüş keçirilib

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “EnterpriseAzerbaijan.com” portalının nümayəndəsi Oruc Dursunzadə ilə görüş keçirilib. Məqsəd dövlətimiz tərəfindən sistemli islahatlar, kompleks tədbirlər və ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində, ekspertiza xidmətləri üzrə aparılan yenilikləri müzakirə etmək, əməkdaşlıq əlaqələri qurmaq olub.

Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada istehsal edilən ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə ətraflı məlumat verib. O, YT Parkın məhsullarının xarici bazarlara ixracı zamanı yaranan problemlərin aradan qaldırılması üçün İİTKM tərəfindən müvafiq sahədə yaradılmış əlverişli şəraitdən istifadə etməyin məqsədəuyğun olduğunu bildirib.

N.Şükürov “EnterpriseAzerbaijan.com” və "Azexport.az" portallarının Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma olduğunu deyərək, AMEA YT Parkın istehsal etdiyi məhsullar barədə məlumatların bu portallarda yerləşdirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Oruc Dursunzadə çıxış edərək “EnterpriseAzerbaijan.com” və "Azexport.az" portallarının imkanları, funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda ixracatçılara təklif edilən əlavə imkanlardan bəhs edib. O, portallara inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib. Bildirib ki, “EnterpriseAzerbaijan.com” portalı üzərində startaplar və başlanğıc layihələr üçün investorların cəlb olunması da mümkündür. 

O.Dursunzadə, həmçinin innovativ layihələr üçün elan olunmuş müsabiqə barədə də məlumat verib. Qeyd edib ki, müsabiqə qalibləri üçün 25000 funt sterlinq məbləğində mükafat və xaricə səfərlər nəzərdə tutulub.

YT Parkın direktoru ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayaraq, AMEA-nın gənc alim və mütəxəssislərinin də bu müsabiqə barədə məlumatlandırılmasının önəmini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: