Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan elmi konfrans keçirilib
18.04.2019 12:51
  • A-
  • A
  • A+

Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov görkəmli rus alimi Dmitri Mendeleyev tərəfindən kimyəvi elementlərin Dövrü qanunun 150 il bundan öncə kəşf edildiyini deyərək, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən cari ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli ili” elan olunduğunu bildirib. Alim təbiətdə mövcud olan və süni yolla alınan 10 milyonlarla maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə edildiyini, həmçinin bütün Yer kürəsi və onun atmosferinin kimyəvi elementlərin bəsit və mürəkkəb birləşmələrindən təşkil olunduğunu diqqətə çatdırıb.

Daha sonra institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Dmitri Mendeleyevin qabaqcadan xəbər verdiyi elementlər və dövri qanun haqqında məşhur alimlərin söylədikləri”, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Dövri qanun və kimyəvi elementlərin dövri sistemi” və Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev “Radioaktivlik və elementlərin dövri sistemi” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, elementlərin dövri təsnifatına ilk təşəbbüs 1828-ci ildə alman alimi İ.Debereyner tərəfindən göstərilib. Elementlərin kimyəvi xassələri ilə onların atom çəkiləri arasındakı analogiyaya söykənərək bir sıra alimlər də elementlərin təsnifatını yaratmaq istiqamətində tədqiqatlar aparıblar. 1862-1868-ci illərdə S.Vürts, L.Meyer, C.Nyulends, A.V. Vilyamson, U.Odlinq, N.İ.Lavrov, A.V.Hofman məlum 63 elementdən 51-ni əhatə edən yeni atom çəkiləri cədvəllərini nəşr etdirib.

Diqqətə çatdırılıb ki, 1868-ci ildə D. Mendeleyev “Kimyanın əsasları” kitabını yazmış və orada əsas məsələ kimi elementlərin dövriliyini göstərmişdir. Kimyəvi xassəcə müxtəlif olan iki qrup elementlərin müqayisəsi göstərib ki, atom çəkilərinin qiymətinə və onların valentliyinə görə elementləri bir sistemdə yaxınlaşdırmaq olar. Məhz bu müqayisə kimyəvi elementlər cədvəlinin əsasını qoyub və Mendeleyev 1869-cu ildə 64 kimyəvi elementdən ibarət cədvəl tərtib edib.

Bildirilib ki, elementlərin dövri sistemi dövri qanunun qrafik şəkildə təsviridir. İndiyədək dövri qanunu ifadə edən 600-ə qədər cədvəl, qrafik və şəkilin ikisi daha təkmil variantdır.

Konfransın sonunda məruzəçilər tədbir iştirakçılarının mövzu ilə bağlı  suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: