Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fransa-Azərbaycan Universitetinin tələbələri Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər
19.04.2019 09:47
  • A-
  • A
  • A+

Fransa-Azərbaycan Universitetinin tələbələri Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər

Fransanın Strasburq Universitetinin Yer Elmləri Məktəbi və Rəsədxanasının direktor müavini, professor Alessia Maggi AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

RSXM-in direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaq Azərbaycanda aparılan seysmoloji tədqiqatların onlarda maraq doğurduğunu diqqətə çatdırıb.

Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində Yer elmləri sahəsi üzrə mütəxəssislərin hazırlandığını deyən Alessia Maggi fransız tələbələrin Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçməsində maraqlı olduqlarını deyib. 

Görüşdən əvvəl mərkəzin Seysmik Monitorinq Şəbəkəsində görülən işlərlə tanış olduqlarını bildirən qonaq, həmçinin RSXM-in alimlərinin Fransa-Azərbaycan Universitetində mühazirələrini təşkil etmək niyyətində olduqlarını vurğulayıb.

Q.Yetirmişli mərkəzdə elmi tədqiqatların kompleks şəkildə aparıldığını deyib. O, respublika ərazisində seysmoloji tədqiqatlarla yanaşı, geofiziki, geodinamik və geokimyəvi araşdırmaların aparıldığını və bütün sahələr üzrə əldə olunmuş nəticələrin ən müasir proqramlarla emal edildiyini diqqətə çatdırıb. Direktor Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-də təcrübə keçməsinin mümkün olduğunu qeyd edib.

Görüş zamanı fransalı qonaq RSXM-də görülən işlərə dair təqdimatla da tanış olub. O, təmsil etdiyi Strasburq Universiteti ilə RSXM arasında gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: