Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.04.2019 09:51
  • A-
  • A
  • A+

Bakı Musiqi Akademiyasında LOLA audiovizual sisteminin sınaqları keçirilib

Bakı Musiqi Akademiyasında LOLA audiovizual sisteminin sınaqları keçirilib

Məlum olduğu kimi, 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçirilib. Toplantının yekun qərarlarından biri GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) quraşdırılması olub.

Bu qərardan irəli gələn vəzifələrin icrası məqsədilə aprelin 18-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sistemi sınaq rejimində nümayiş olunub.

Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova, mühəndis Azər Əsgərov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, eləcə də sistemin BMU-da quraşdırılmasına məsul olan estoniyalı nümayəndələr iştirak ediblər.

Sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirilib.

R.Ələkbərov Azərbaycan musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqisi nümunələrinin dünyada təbliği və dünyəvi dəyərlərin paylaşılması baxımından böyük imkanlara malik olan bu audiovizual sistemin BMA-da tətbiqinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Hazırda dünya üzrə 100-dən çox təşkilatının LOLA texnologiyasından istifadə etdiyini deyən R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış texnologiya vasitəsilə institutlarla əlaqə yaratmaqla birgə musiqi dərsləri, mühazirələr və konsertlərin həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda BMA-da sınaqları aparılan sistemin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: