Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan və Türkiyəli alimlər Goranboy və Daşkəsən rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparırlar
27.08.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan və Türkiyəli alimlər Goranboy və Daşkəsən rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparırlar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Göygöl-Goranboy arxeoloji ekspedisiyası müvafiq plana uyğun olaraq Goranboy və Daşkəsən rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparır.

Göygöl-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun sözlərinə görə, ekspedisiya hər iki rayonun ərazilərində kurqan tipli qəbir abidələrinin tədqiqi ilə məşğuldur. Hazırda Goranboy rayonu ərazisində yerləşən, e.ə. IV minilliyin sonuna aid edilən Uzun Rəmə kurqanında arxeoloji qazıntı işləri davam edir. Ekspedisiyanın tərkibinə Türkiyənin Hacettepe Universitetindən dörd nəfərdən ibarət antropoloq qrupu da qatılıb. Türkiyəli professor Yılmaz Erdalın rəhbərliyi ilə antropoloq mütəxəssislər kurqandan aşkar edilmiş insan sümüklərinin tədqiqi işinə başlayıblar. Alimlər bu qənaətə gəliblər ki, kurqanaltı sərdabədə 100-dən artıq insan dəfn edilib.

Aparılan tədqiqatların nəticələri barədə məlumatların nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsi nəzərdə tutulur.

Daşkəsən rayonu ərazisində tədqiqat işlərinin kurqanaltı daş qutu qəbir abidələrində aparılması nəzərdə tutulur. Nadir abidələrdən biri olan kurqanaltı daş qutu qəbir abidələri Azərbaycan arxeologiya elmində az öyrənilmiş qəbir tiplərindəndir. İlkin nəticələrə əsasən, bu abidələr son tunc-erkən dəmir dövrünə aid olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: