Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Milli Azərbaycan Tarixi Muzeyində dağıstanlı qonaqlarla görüş keçirilib
26.04.2019 10:33
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində dağıstanlı qonaqlarla görüş keçirilib

Rusiya Federasiyasının Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin Dünya Mədəniyyəti və Din Tarixi Muzeyinin direktoru Diana Həsənova və direktor müavini Samilə Nəcəfova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə məlumat verilib. Bildirilib ki, muzey Azərbaycan milyonçusu, mesenat H.Z.Tağıyevin mülkündə yerləşir və 2020-ci ildə MATM-nin 100 illiyi qeyd olunacaq. Akademik, həmçinin aparılan təmir-bərpa işlərindən sonra qurulacaq yeni ekspozisiya zalı və H.Z.Tağıyevin Xatirə Muzeyinin təşkili işlərindən danışıb.

Bundan əlavə, muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası, sərgilərin təşkili və müasir muzey texnologiyalarının tətbiqi haqqında informasiya verilib.

Görüşdə Azərbaycan-Dağıstan mədəni əlaqələrinin tarixindən də söhbət açılıb və bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra çıxış edən D.Həsənova və S.Nəcəfova təmsil etdikləri muzeyin fəaliyyətindən danışıb, MATM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Onların sözlərinə görə, yeni yaranan muzeydə müxtəlif dinlərin xüsusiyyətlərini üzərində əks etdirən tətbiqi sənət əsərləri, dini ayinlərlə əlaqəli əsərlər və arxeoloji tapıntılar qorunub nümayiş olunur. Qonaqlar, o cümlədən Azərbaycanı multikultural dəyərlərə malik tolerant ölkə adlandırıb, eləcə də Dərbəndin fərqli sivilizasiyaların qovuşduğu şəhər olduğunu vurğulayıblar.

Tədbirdə, həmçinin gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, muzeylərarası səyyar sərgilərin keçirilməsi və təcrübə mübadiləsi kimi məsələlər də müzakirə edilib.

Daha sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.

Sonda qonaqlara MATM-nin nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: