Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2019 16:52
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

AMEA-nın Təbiət Tarixi Muzeyində (TTM) Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq müəssisələrin elmi işlər üzrə direktor müavinləri və elmi katibləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası akademik Fəxrəddin Qədirov açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, müasir Azərbaycanın qurucusu ulu öndərin hakimiyyəti dövründə respublikada sabitlik təmin olunub, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə edilib, ölkəmizin inkişafında xüsusi rol oynayan "Əsrin müqaviləsi" imzalanıb.

Ümummilli liderin respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk görüşünü ziyalılarla keçirdiyini xatırladan akademik ulu öndərin AMEA-nı Azərbaycan xalqının milli sərvəti adlandırdığını və onu qoruyub-saxlamağın zəruriliyini bildirdiyini deyib.

F.Qədirov H.Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə elmə, təhsilə daim diqqət göstərildiyini söyləyib.

Daha sonra iclasda bir sıra təşkilati məsələlərə baxılıb. Belə ki, görkəmli geofizik, fizika-riyaziyyat elmləri doktoru, professor Tofiq İsmayılzadənin 90 illik, görkəmli seysmoloq, AMEA-nın müxbir üzvü Arif Həsənovun isə 80 illik yubileylərinin keçirilməsi haqqında qərar qəbul olunub. Bundan əlavə, “AMEA-nın professoru” elmi adını almaq üçün keçirilən müsabiqəyə təqdim olunacaq namizədlər müəyyənləşdirilib. Eyni zamanda Respublika Seysmoloji Xidmət Mərkəzinin strukturunda qismən dəyişikliklər edilib.

Sonra Təbiət Tarixi Muzeyində qorunub saxlanan zooloji, paleontoloji və geoloji eksponatlara baxış olub. TTM-in direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov iştirakçılara muzeyin elmi və maarifçilik fəaliyyəti, əldə etdiyi nailiyətlər, eksponatların tapılması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: