Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.05.2019 14:21
  • A-
  • A
  • A+

Balakən rayonundakı Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb

Balakən rayonundakı Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyasına aid xristian abidəsində tədqiqat işləri aparılıb.

Belə ki, abidənin yaşının müəyyənləşdirilməsi məqsədlə kilsənin cənub divarının xarici üzündə aparılan arxeoloji tədqiqatlar nəticəsində üçüncü tikinti qatı aşkarlanıb. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar zamanı Tülü kilsəsinin uzunluğu 15, eni 10,5 m. olan daha qədim dini ictimai tikili üzərində inşa olunduğu üzə çıxıb.

Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılıb və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənib. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulub. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşdirilib. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbri izləmək mümkün olub ki, bu qəbirlərin bəzilərində təkrar dəfn həyata keçirilib. Aşkarlanan qəbirlərin əksəriyyətinin uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilib. 

N.Alışovun sözlərinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir-orta əsrlər dövrünə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xaç nümunələrinə rast gəlinib. Bu dini ictimai binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: