Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.05.2019 10:19
  • A-
  • A
  • A+

ADA Universiteti Rusiya Elmlər Akademiyası ilə kadr və təcrübə mübadiləsi aparacaq

ADA Universiteti Rusiya Elmlər Akademiyası ilə kadr və təcrübə mübadiləsi aparacaq

Mayın 22-də Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev ölkəmizə səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə ADA Universitetində olub.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev və Rasim Əliquliyev, rusiyalı akademik Roald Saqdeyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva və digər məsul şəxslər iştirak ediblər.   

Əvvəlcə Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara məlumat verib. O, ADA-nın Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq universitetin əsas missiyalarıdır. Hazırda ADA-da tələbələrə yüksək səviyyədə, dünya elminin prioritetlərinə uyğun şəkildə təhsil vermək üçün hər cür şərait yaradılıb.

H.Paşayev iki dövlət arasında möhkəm siyasi dialoqun qurulduğunu, biznes münasibətlərinin möhkəmləndiyini, humanitar və sosial sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıraraq, elm və təhsil sferasında da əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb, birgə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Sonra akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetinin tədris mərkəzi ilə tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, tədris prosesi, burada yaradılan innovativ mühit haqqında məlumat verilib. Qeyd olunub ki, ADA-da Rusiyanın bir neçə aparıcı universiteti də daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə elmi əməkdaşlıq əlaqələri qurulmuşdur.

A.Sergeyev ADA-nın fəaliyyətini, burada təhsil sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək qeyd edib ki, hazırda Rusiyada da bu kimi yenilikçi universitetlərin təsis edilməsi ilə bağlı tədbirlər görülür.

Görüşdə iki ölkə alimləri arasında dağ-mədən sənayesinin inkişafı, hər bir ölkənin  elm və iqtisadiyyatının inkişafında mühüm rol oynayan texnoparkların yaradılması, qlobal istiləşmə və ekoloji problemlər, eləcə də Xəzər hövzəsi üzrə birgə tədqiqatların aparılmasının zəruriliyi vurğulanıb.  

Qeyd olunub ki, müasir dövrdə həm Rusiya, həm də Azərbaycanda yüksək ixtisaslı, texniki kadrlara böyük ehtiyac duyulur. Hər iki ölkə müvafiq sahənin alimləri ilə bu istiqamətdə birgə işlər aparmalı, yeni kadrların yetişdirilməsinə töhfələrini verməlidir.

Sonda ADA Universiteti və Rusiya Elmlər Akademiyası arasında davamlı kadr və təcrübə mübadiləsinin aparılmasına dair müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: