Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2019 16:16
  • A-
  • A
  • A+

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunan elmi konfrans keçirilib

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunan elmi konfrans keçirilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisədə təcrübə keçən Bakı Avrasiya Universitetinin tələbələrinin iştirakı ilə Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq konfransın ölkə başçısının “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 18 may 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib, sözügedən sənədin Azərbaycan ədəbiyyatına və onun görkəmli yaradıcılarına dövlət səviyyəsində göstərilən diqqətin mühüm nümunəsi olduğunu söyləyib.

Akademik çıxışında H.İbrahimovun Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb. Qeyd edib ki, Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan və özünəməxsus yaradıcılıq üslubu ilə seçilən H.İbrahimov hekayə, povest, roman və pyesləri ilə müasir ədəbiyyatımızın inkişafına mühüm töhfələr verib.

Yazıçının müxtəlif illərdə Azərbaycan Kommunist Partiyasının təbliğat orqanlarında çalışdığını deyən İ.Həbibbəyli vəzifəsindən asılı olmayaraq ədibin əsərlərinin ideologiyadan uzaq olduğunu və sadə insan həyatını əks etdirdiyini vurğulayıb. Bildirib ki, yazıçı “Sabahın sorağında” romanında kənd müəllimlərinin, yerli ziyalıların qayğılarına toxunub, “Bahar yağışı” əsərində isə həyata, insana, cəmiyyətə olan baxışlarına aydınlıq gətirib. Bundan əlavə, H.İbrahimovun tarixi keçmişimizdən bəhs edən əsərlərinin oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərin vətənpərvərlik ruhda tərbiyəsində önəmli rol oynadığını diqqətə çatdırıb.

Akademik əsərləri dəfələrlə tamaşaya qoyulan yazıçının fəaliyyətinə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətin verildiyini, 1994-cü ildə “Şöhrət” ordeni ilə təltif edildiyini, 1998-ci ildə isə Xalq yazıçısı adına layiq görüldüyünü xatırladıb.

O, bu gün H.İbrahimov irsinin daha dərindən tədqiq edilməsinin və yazıçıya həsr olunmuş monoqrafiyaların yazılmasının zəruriliyini vurğulayıb.

Sonra Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova çıxış edərək iki qurum arasındakı qarşılıqlı əlaqələrdən danışıb və keçirilən konfransı yüksək qiymətləndirib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Xalq yazıçısı Hüseyn İbrahimov haqqında söz” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri - Günər İsgəndərova “Xalq yazıçısı Hüseyn İbrahimovun həyatı”, Arzu Quliyeva “Hüseyn İbrahimovun yaradıcılıq yolu”, İlkin Qubadov “Hüseyn İbrahimovun yaradıcılığında yeni insan konsepsiyası”, Tamaşa Şirinova “Hüseyn İbrahimovun hekayələrində məişət problemi”, Aytac Rəsulova “Hüseyn İbrahimovun mənəvi-əxlaqi mövzularda yazılmış hekayələri”, Lamiyə Məhəmmədova “Hüseyn İbrahimovun “Bahar yağışı” romanı və müasirlik”, Ofelya Şahsuvarova “Hüseyn İbrahimovun “Əsrin onda biri” romanı və tarixilik”, Səmayə Zeynalova “Hüseyn İbrahimovun “Bahar hekayəsi” povesti”, Jalə Mustafayeva “Hüseyn İbrahimovun 100 illik yubileyi – mədəni hadisə kimi” və Çıraq Niyazlı “Hüseyn İbrahimov və milli ədəbiyyatımız” mövzularında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: