AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 28 May - Respublika Günü ilə əlaqədar millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirilib.
Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov qonaqlara rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri və burada əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Sonra Q.Paşayeva çıxış edərək Respublika Gününün xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. O, azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX əsrin əvvəllərində öz istəyinə çatdığını, Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığını söyləyib. Vurğulayıb ki, 28 may 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul edilməsilə Çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətinə son qoyulub, xalqımızın həyatında yeni bir mərhələ başlayıb.
Sonda qonaqlara institutun hədiyyələri təqdim olunub. Bundan əlavə, Qənirə Paşayeva “Allah sevən qəlblərdədir”, M.A.Sinan isə öz növbəsində “Raziye Begüm Sultan”, “Aşk-ı Revan” kitablarını institutun əməkdaşlarına hədiyyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.