Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2019 15:50
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında protokol imzalanıb

Dilçilik İnstitutu ilə Mingəçevir Dövlət Universiteti arasında protokol imzalanıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Mingəçevir Şəhər Təhsil Şöbəsi və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfrans keçirilib.

MDU-da başa tutan tədbiri universitetin rektoru Akif Hacıyev açaraq bu cür tədbirlərin gələcək birgə fəaliyyətlər üçün zəmin yaratdığını, yeni ideyalar üzə çıxardığını söyləyib. A.Hacıyev müasir dövrün çağırışları qarşısında ölkəmizdə elm və təhsil sahəsində innovativ metodların tətbiqinin, eləcə də təhsil imkanlarının və elmi tədqiqatların vəhdətinin vacibliyini vurğulayıb.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi müəssisənin tarixi, respublikada aparılan dövlət dili siyasəti, dilçilik elminin müasir vəziyyəti, həmçinin dilçilik sahəsində elmi yeniliklərin tətbiqi haqqında danışıb. O, hər bir vətəndaşın öz dilinə diqqət göstərməli olduğunu deyib, ana dilini xalqın varlığı, milli kimliyi, zəngin sərvəti adlandırıb.

Daha sonra institutun şöbə müdirləri - professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Sevinc Əliyeva və dosent Qətibə Quliyeva çıxış edərək dilçiliyin yeni sahələrindən, lüğətçiliyin müasir vəziyyətindən, Azərbaycan dilinin düzgün tətbiqi, istifadəsi və dilçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş “Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi və bu sahədə aparılan monitorinqlərdən, həmçinin müəssisədə elm və təhsilin vəhdəti istiqamətində görülən işlərdən danışıblar.

Müzakirə şəraitində keçən panel-seminarlarda universitetin dosentləri - Esmira Cəfərova, Namaz Manafov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov və digərləri çıxış edərək Azərbaycan dilinin ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni metodlarla, innovativ üsullarla tədrisi, dilçilik elminin aktual problemləri və s. məsələlər barədə fikirlərini bildiriblər.

Sonda əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və gələcək birgə fəaliyyətin təmini üçün Dilçilik İnstitutu və Mingəçevir Dövlət Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında protokol imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: