www.science.az
04.06.2019 10:43

Macar qonaqlar AMEA-nın Folklor İnstitutunda olublar

Macarıstandakı “Mədəni irs evi”nin vitse-prezidenti Canos Totun rəhbərlik etdiyi nümayəndə heyəti Folklor İnstitutunda olub.

İnstitutun direktoru, akademik Muxtar İmanov qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti barədə məlumat verib. O, institutda son illər görülən işlər, əldə olunan nailiyyətlər, eləcə də “Qarabağ: folklor da bir tarixdir” oncildliyi, Azərbaycan Folkloru Antologiyasının cildləri, yeddi cildlik “Güney Azərbaycan folkloru” və digər nəşrlərdən bəhs edib, arxivlərlə iş birliyinin, həmçinin regionlara ezamiyyətlərin təşkilinin mümkün olduğunu vurğulayıb. 

C.Tot Folklor İnstitutunda həyata keçirilən layihələrlə maraqlandıqlarını və ilk olaraq musiqi və folklor istiqamətində tədqiqat aparmaq istədiklərini söyləyib.

Görüşdə iki ölkə arasında folklor, etnoqrafiya və musiqi sahəsində əlaqələrə dair müzakirələr aparılıb, nümayəndələrin seçilmiş bir bölgəyə ezamiyyətinin təşkili qərara alınıb.

Sonda qonaqlara institutun buraxdığı audio-disklər təqdim olunub, xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.