Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2019 14:08
  • A-
  • A
  • A+

"Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları" mövzusunda seminar-məşğələ keçirilib

"Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları" mövzusunda seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi və AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə (MM) Qoşunlarının Tibb xidmətinin birgə təşkilatçılığı ilə "Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları" mövzusunda seminar-məşğələ keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri iştirak ediblər.

İclası şöbənin rəisi Eldar Quliyev açaraq akademiyada mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, eləcə də Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarına əsasən təşkil olunduğunu bildirib.

O, 2019-cu ilin 6 ayı ərzində AMEA-nın MM Tədbirlər Planına uyğun olaraq akademiya əməkdaşlarına fövqəladə hadisələr zamanı davranış qaydalarının öyrədilməsi istiqamətində bir sıra tədbirlərin keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın tanınmış alimləri mütəmadi seminarlara dəvət olunaraq "Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti", "Nüvə energetikası və təhlükəsizlik problemləri", "Son vaxtlar Azərbaycan ərazisində baş verən endogen və ekzogen proseslər" mövzularında akademiya əməkdaşlarını maarifləndirirlər.

E.Quliyev mülki müdafiə sistemi qarşısında duran ən çətin vəzifələrdən birinin sülh və müharibə dövründə fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi olduğunu deyib. O, fövqəladə hallar zamanı zədələnmiş insanlara kömək etmək, onlara ilkin tibbi yardım göstərməyin hər bir kəsin vətəndaşlıq borcu olduğunu söyləyib. Bildirib ki, hadisə yerində və yaxınlığında olan insanın qəzaya düşmüş şəxslərə cəld, çevik və effektiv yardım göstərməsinin həyati əhəmiyyəti böyükdür.

Tədbirin mövzusuna toxunan şöbə rəisi bu istiqamətdə FHN-nin MM Qoşunlarının Tibb xidməti ilə sıx əməkdaşlıq etdiklərini və silsilə tədbirlər keçirdiklərini diqqətə çatdırıb.

Sonra FHN-nin MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülovun "Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları" mövzusunda məruzəsi dinlənilib. O, yaralanma hallarının nəqliyyat və sənaye qəzaları, kriminogen hadisələr, döyüş əməliyyatları, təbii fəlakətlər, məişət alətləri ilə ehtiyatsız davranma və s. nəticəsində baş verdiyini söyləyib. Qeyd edib ki, istənilən zədə ağrı, şişkinlik, dərinin zədələnməsi və infeksiya ilə müşayiət olunur.

Yaranın kəsilmiş, əzilmiş, deşilmiş, çapılmış, infeksiyalaşmış növlərindən danışan polkovnik onların hər birinin ağrı, qanaxma, eləcə də yara kənarının ayrılması kimi ortaq əlamətlərə malik olduğunu vurğulayıb. Yaralanmalar zamanı ilkin tibbi yardıma toxunan E.Əligülov bildirib ki, xəstənin həyat əlamətləri yoxlanmalı, yara nahiyəsi və başvermə müddəti dəyərləndirilməli, bədəndə yad cismin olub-olmaması müəyyənləşdirilməli, qanaxma steril və yaxud təmiz sarğı ilə bağlanılmalı, şəxsin tibb məntəqəsinə getməsi təmin edilməlidir. Bundan əlavə, yaraya toxunmağın, eləcə də bədəndəki yad cismi çıxarmağın xəstə üçün təhlükəli fəsadlar törədə biləcəyini söyləyib.

FHN rəsmisi, həmçinin kəllə-beyin, üz və onurğa yaralanmaları və bu zaman davranış qaydaları, xəstələrin daşınması haqqında məlumat verib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.

İclasda daha sonra may ayında keçirilən Rəhbər Heyətin MM məşqləri və mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: