www.science.az
14.06.2019 10:44

Professor Qərib Mürşüdov Avropa Molekulyar Biologiya Təşkilatına üzv seçilib

Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdov və Kembric Universitetinin qrup rəhbəri Lalita Ramakrişna dünyanın ən nüfuzlu 1800 alimini birləşdirən Avropa Molekulyar Biologiya Təşkilatına üzv seçilib.

Əsası 1964-cü ildə qoyulan Avropa Molekulyar Biologiya Təşkilatı hər il elmin inkişafına mühüm töhfələr vermiş alimlər arasından yeni üzvlər seçir və bu üzvlük ömür boyu davam edir.

Təşkilatın əsas məqsədi istedadlı tədqiqatçılara fəaliyyətlərinin bütün mərhələlərində dəstək olmaq, onlara nailiyyətlər qazanmasını təmin edəcək mühit yaratmaq,  həmçinin elmi informasiya mübadiləsini stimullaşdırmaqdır.

Qeyd edək ki, professor Qərib Mürşüdovun tədqiqatlarının əsas istiqaməti makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizlər üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin yaradılmasıdır. Onun rəhbərlik etdiyi qrup bu alqoritmləri proqram təminatı şəklində yeni zülal strukturlarının müəyyən edilməsi üçün struktur biologiya sahəsində çalışan tədqiqatçılara təqdim edir. Sözügedən qrup qeyri-dəqiq, yaxud məhdud informasiyaya malik zülal strukturlarının təyini üçün metodların işlənib hazırlanmasına daha çox diqqət yetirir. Bu zaman struktur və kimyəvi quruluş haqqında mövcud olan nəzəri biliklər eksperimental məlumatlarla tamamlanır.

Professor Lalita Ramakrişnanın qrupunun apardığı tədqiqatlar isə tuberkulyozun patogenezi və bu xəstəliyə fərqli həssaslıqların əsaslarının öyrənilməsinə yönəlib.

Cari ilin 29-31oktyabr tarixlərində Heydelberq şəhərində keçiriləcək Avropa Molekulyar Biologiya Təşkilatının illik iclasında yeni üzvlər və üzvlüyə namizədlər rəsmi təqdim ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.