Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Abbasqulu ağa Bakıxanov gəmisinin əbədi səfəri
20.06.2019 09:31
  • A-
  • A
  • A+

Abbasqulu ağa Bakıxanov gəmisinin əbədi səfəri

Bu sualın dəqiq cavabını bilən tapılmaz və əslində, heç “xoşbəxtlik nədir?”, “kimə əminliklə xoşbəxt adam demək olar?” suallarına birmənalı cavab vermək də çətindən çətindir. Xoşbəxtliyin nə olmasına hər kəsin öz cavabı var və danılmaz həqiqətsə budur ki, istisnasız olaraq səadət hesab ediləcək anlar hər insanın ömründə mütləq baş verir. Lakin yalnız sevinclərdən, uğurlardan, ayrı-ayrı bəxtiyar anlardan ibarət olmayan, yaxşılı-yamanlı günlərin qatarından yaranan, son ucu ölümlü ömrü və insanı, bütövlükdə, “xoşbəxt” adlandırmaq mümkünmü?
 
Bu əbədi suallar qarşısında vaxtilə böyük azərbaycanlı, həyatı da, yaratdıqları da qüdsiyyətin – saflığın, qutsallığın örnəyi olan Abbasqulu ağa Bakıxanov da düşünmüş və belə ibrətli misralar qələmə almışdı:
 
Ey Qüdsi, ibrətlə bax bu gedişə,
Ağılla şüru et sən də hər işə.
Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də, zərəri yoxdur.
Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
 
Abbasqulu ağa Bakıxanov xoşbəxt bir ömür yaşadı. Çünki ona ən azı özünün elə bu şeirində tövsiyə etdiyi və umduğu nadan olmamaq səadəti qismət idi. 
Ömrü boyu oxudu, öyrəndi, dəfinələr kimi qiymətli zaman ötdükcə azalmayıb artan kitablar yazdı, yaratdıqlarıyla özünə abidələr yapdı.
Tərcümeyi-halını özündən yaxşı kim nağıl edə bilər ki! Bakıxanov ömür yolunun başlanğıcını belə təsvir edirdi: “Fağır mən – Mirzə Məhəmməd xan Sani (İkinci – R.H.) oğlu Abbasqulu Qüdsi hicri 1208-ci ildə, zilhiccə ayının 4-də, pəncşənbə günü, 1-ci saatda (miladi tarixlə 1794-cü il iyul ayının 3-də, cümə axşamı – R.H.) Bakının Əmirhacıyan kəndində anadan olmuşam.
Məni 7 yaşımdan oxumağa qoydular, lakin vəziyyətin qarışıqlığı və müharibələr nəticəsində olan dəyişikliklər məqsədə istənilən səviyyədə yetməyə mane oldu. 10 il ərzində farsca azacıq savaddan başqa bir şey qazanmadım. Bundan sonra Qubada 10 il ərəb dili və sair fənləri təhsil etməklə məşğul oldum. Vəsaitin azlığına, digər maneə və əngəllərə baxmayaraq, mən yenə bir qədər təhsil almağa müvəffəq olmuşdum. Bu zaman Qafqaz ordusu və vilayətlərinin fərmanfərması (baş komandanı – R.H.) general Yermolov 1235 (1820)-ci ildə məni dəvət edib dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim.
...Vəzifə işlərilə əlaqədar bir çox ölkələri gəzdim.
Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm, bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı».
Abbasqulu ağa demir ki, bu qədər oxuyandan, öyrənəndən, gəzib-dolaşandan, təcrübələr əldə edəndən sonra mən də alim oldum. “Cəhalətim azaldı” deyir.
Və yalnız bundan sonra – cəhalətinin azaldığını dərk etmək mərtəbəsinə yetişincə başlayır başqalarını da cəhalət əsarətindən qurtarmaqçün kitablar yazmağa.
...Orta əsrlərdən üzü bəri Azərbaycan ziyalısının bir neçə üstün keyfiyyəti keçib gəlir ki, Abbasqulu ağa da onlara sahib idi. Çoxdillilik, çoxşaxəli savad, özünü yalnız Azərbaycanın deyil, bütöv Şərqin övladı və vətəndaşı saymaq duyğusu. Bu məziyyətlər Abbasqulu ağaya keçmiş şərəfli nəsillərin mirası kimi gəlib çatdı. Ancaq artıq XIX əsr idi, dünya başqalaşırdı, yeniləşirdi və bu başqalaşan, yeniləşən dünyanın doğurduğu yeni önəmli ziyalı keyfiyyətləri vardı ki, Abbasqulu ağa Bakıxanov onları da əxz etdi. Və bu təməl üzərində doğurduğu sanballı elmi və ədəbi incilərlə tariximizin ən nadir simalarından birinə çevrildi.
Abbasqulu ağa Bakıxanov yurdunu, xalqını, dilini sevən bir vətənpərvər idi. Amma çoxqanadlı bilikləri, Şərq və Qərb dillərinə bələdliyi ona bir mühüm mətləbi də anlatmışdı ki, Azərbaycan nə qədər sevimli olsa belə, dünya da var və Azərbaycan bu böyük dünyanın bir parçasıdır. Abbasqulu ağa milli xudbinlikdən, əyalətçilikdən uzaq idi, digər xalqların yaratdığı yaxşı olan, bəşəri olan sərvətlərə sayğısı böyük idi. Bircə göstərici – Varşavada böyük alim Kopernikə abidə ucaltmaq üçün vəsait toplananda o da həmin xeyir işə ilkinlərdən biri olaraq qoşulmuşdu.
Abbasqulu ağa şeirlərində “Qüdsi” təxəllüsünü işlədir. “Qüdsi” – yəni pak, müqəddəs.
Və onun ömür sapı Vətənindən çox-çox uzaqlarda – qızmar ərəb səhralarında, Məkkə ziyarətindən geri qayıdarkən Mədinə yolunda qırıldı. 1846-cı ilin dekabrında Dəməşq karvanı ilə gedən Abbasqulu ağa bir neçə günə 6-7 min insanı tələf edən vəbanın qurbanlarından oldu. Onu Vadi-yi Fatimədə dəfn etdilər. Müsəlman inamı belə ölümü müqəddəs sayır. Amma, əlbəttə ki, Bakıxanov kimi uca bir insanın müqəddəsliyinin əsl səbəbi onun harada dəfn edilməsində yox, bəxtinə düşmüş ömür möhləti içərisində nələr doğurmasındadır.
Bakıxanovun qüdsiyyətini onun özündən və bizim hər birimizdən çox yaşayacaq əsərləri, xalq naminə gördüyü unudulmaz işlər yaradır.
Qısa – 52 illik ömür yaşayıb, rus ordusunda polkovnik rütbəsinə qədər ucalmış və hətta bəzi soraqlara görə, general çininə də layiq görülmüş Abbasqulu ağa Bakıxanov tariximizdə bir hərbi xadim, diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi daha artıq əbədiləşdi. Bu gün Abbasqulu ağa Bakıxanovu anarkən onun hərbi hünərləri və siyasətçi uğurlarından deyil, elmi və ədəbi şücaətindən söz açılır. Fəlsəfə, tarix, nücum, coğrafiya və başqa bir çox elmlərlə dərindən maraqlanmış Abbasqulu ağa Bakıxanov üz tutduğu bu bilik sahələrinin hər biriylə əlaqədar dəyərli əsərlər yadigar qoyub getmişdir. Ancaq bu zəngin bilik sahibinin elmi irsiylə yaxından tanış olandan sonra mühüm bir həqiqətlə də qarşılaşırıq – Abbasqulu ağa fəlsəfə ilə məşğul olanda da, əxlaqşünaslığın suallarını incələyəndə də, astronomiya, coğrafiya ilə bağlı kitablar yazanda da peşəkar astronom, filosof, coğrafiyaşünas… deyil, tarixçiydi: elm tarixçisi! Hətta tarixi əsərinin – bu sözün həm dolayı, həm birbaşa anlamında – “Gülüstan-i İrəm”in mütaliəsindən də bəlli olur ki, burada da o, peşəkar tarixçi deyil, tarixin tarixçəsini, xülasəsini oxuculara çatdırmaq istəyən bir elm tarixçisidir. “Gülüstan-i İrəm”lə əlaqədar bu son fikri ona görə yazmırıq ki, həmin kitabda ayrı-ayrı tarixi hadisələrin təsviri, izahı, dəqiq il, ay və günlərinin göstərilməsində yanlışlar var; Nuhun tufanı ilə Gülüstan bağlaşması arasındakı böyük zamanı bir kitab hüdudlarında şərh etmək istərkən büdrəmələrin, xətaların olması qaçılmazdır. Ancaq mətləbimiz özgədir – məhz məsələni bu cür qoyması – insanın yaranışından başlayıb XIX əsrə qədər gəlib çatması göstərir ki, Abbasqulu ağa Bakıxanov tarix mövzusuna onun hansısa müəyyən dövrünü götürüb dəqiqliklə qələmə alan bir peşəkar tarixçi kimi deyil, maarifçi məqsədlərlə – oxucuda Şirvan və Dağıstan xalqlarının bütöv tarixi haqqında ümumi təsəvvür yaratmaq istəyən elm tarixçisi kimi yanaşır.
Təbii ki, müxtəlif mövzulu, bir-birindən xeyli fərqli əsərlərin hər biri hansısa münasibətlə yazılmağa başlanmışdı. Lakin onların hamısının ortaq bir yazılış münasibəti də vardı ki, bu da Bakıxanovun başlıca amalı olan xalqa xidmət etmək ehtirasından qaynaqlanırdı.
Moisey Arqutinski Dağıstan Hərbi Dairəsinin komandiri idi, rus ordusunda generaldı və o, rica etmişdi ki, Abbasqulu ağa Şirvan və Dağıstanın müxtəsər tarixini qələmə alsın. Amma:
 
Bir möhtərəm cənab üçün ələ alıb qələmi,
Çox həvəslə yazmışam bu “Gülüstan-i İrəm”i.
...Yarandısa xahişilə Moisey Zaxariçin,
Yazılmalı oldu lakin bu əsərim xalq için.
 
Təbabət doktoru və botanik, alman professoru Karl Kot (1809-1879) Abbasqulu ağadan Qafqazın tarixi ilə bağlı çox həqiqətləri öyrəndiyini, ona minnətdar olduğunu, Peterburq Akademiyasının “Gülüstan-i İrəm”in nəşrini yubatmasından narahatlığını yazır və gileylənirdi ki, nahaq Abbasqulu ağa ona həmin əsərin bir nüsxəsini vəd etdiyi halda göndərmir. Çünki Almaniyada həmin vacib əsərin nəşrini uzun müddət gözləməyə ehtiyac qalmazdı, kitab dərhal işıq üzü görərdi.
...Günlərin birində özünəmi lazım olur, ya kiminsə iltimasına görəmi – uşaqların təlimi üçün asan və anlaşılan bir dildə yazılmış kitab axtarır, tapa bilmir. Və başını bulayıb keçmir. Qərara alır ki, bu boşluğu da doldursun: “Bəzi işlənməkdə olan kitablar o qədər qarışıq-dolaşıq ibarələrlə yazılmışdır ki, müəllimlərin çoxu özləri onları dərk edə bilmirlər. Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq xeyli çətindir.
...“Nəsayeh” adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin”.
Belə öyüd verirdi Qüdsi: “ Sənə tapşırılmayan işi görməyə çalışma. Çünki ondan xeyir görməzsən və öz işindən də geri qalarsan”; “Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu, pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir”; “Hər mənsəbdə olsan, öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı”; “Bilmədiyin bir işi inkar etmə və bildiyin bir işin düzgünlüyünə də çox bel bağlama. Çünki bizim biliyimiz hələ həddən ziyadə az və ağlımız gücsüzdür”; “Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”; “Yaxşı əməldən iki dəfə zövq alarsan: birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda”; “Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qoşduqda azdan da əli çıxar”…
Bu sözlər heç vaxt köhnələn deyil. Bu kəlamlar aqil bir insanın həyatın bərkindən-boşundan çıxaraq əldə etdiyi inamlardır. 
Bu zərbülməsəllər həyatda yalnız bir məqamda nəfsini ram edə bilməmiş müdrikin hikmətləridir – hər işdə könlünü tox tutmağı bacarmış bu dahi yalnız elmdən doymadı, həmişə sözə təşnə oldu.
…Ensiklopedistlərin və o sıradan son böyük ensiklopedistimiz Abbasqulu ağa Bakıxanovun yaradıcı olaraq özəlliklərindən biri də elmə valehliyi və valeh olduğu bilikləri insanlara da çatdırmaq həvəsi idi.
…Amerika haqqında çox oxumuşdu. Oxuduqlarından öyrəndikləri onu məftun etmişdi. Və növbəti dəfə düşünmüşdü ki, niyə mən bilənləri xalq bilməsin?
Qələmi götürmüşdü: “Amerika adlı ölkənin necə kəşf edilməsi və vəziyyəti bizlərdə naməlum qalıb yalnız oranın adı bəllidir. Ona görə də bizim diyarın əhalisinin də Amerikanın vəziyyətindən xəbərdar olmaları üçün bu kitabı tərtib etdim”. 
Bu “Kəşf ül-qəraib”in müqəddiməsindəndir.
Abbasqulu ağa Bakıxanovun elmi və ədəbi irsinin dəyərini artıran, səviyyəsini yüksəldən mühüm bir məqam da var. O, çoxdilliydi – fars, ərəb dillərini və təbii ki, öz Azərbaycan türkcəsini gözəl bilirdi. Bu üç dildə şeir yazmasından savayı, mühüm olan cəhət onun Şərqin zəngin yazılı mənbələriylə maneəsiz, tərcüməçisiz – birbaşa rabitə yaratmaq imkanının olmasıdır. “Gülüstan-i İrəm”i, “Təhzib ül-əxlaq”ı, “Kəşf ül qəraib”i, “Eyn əl-mizan”ı, “Qanun-i Qüdsi”ni, “Riyaz ül-Qüds”i, “Mişkat ül-ənvar”ı, “Əsrar ül-mələkut”u ortaya çıxarmaq üçün Abbasqulu ağa Bakıxanov fars, ərəb, türk dillərində yazılmış yüzlərlə qaynaqla tanış olmalıydı və hər üç dili mükəmməl bilməsi sayəsində məhz belə də etmişdi. Ancaq bütün bunlar öz yerində, Abbasqulu ağa Bakıxanov həm də XIX əsrin adamı idi. Avropanın elm və mədəniyyət sahəsində öncül mövqeyə keçdiyi bu zamanda Abbasqulu ağanın bir üstünlüyü də onun ruscanı elə ana dilincə bilməsi, bu dil və həmin dilə çevrilmiş əsərlər vasitəsilə Avropa mənbələri ilə tanışlıq imkanına malik olması idi.
Abbasqulu ağa ruscadan əlavə, fransız və polyakcanı yaxşı bilib (A.Puşkinin atası Sergey Lvoviç qızı Olqaya məktublarından birində övladının Abbasqulu ağaya hüsn-rəğbətlərinin tam əsaslı olduğunu etiraf edirdi: “Bu yaxınlarda Aleksandr Abbas ağanı bizə təqdim etdi. Abbas ağa Varşavadan gələrək əvvəlcə Aleksandrın yanına getmişdi. Aleksandr ona heyrandır. …Təmiz fransız dilində maraqlı söhbətlər etməsi, zərif ədaları, Asiya və Avropada etdiyi səyahətlər haqqında canlı hekayələr söyləməsi, romantika, poeziya ilə dolu sərgüzəştlərini təsvir etməsi, iştirak etdiyi məclislərdən danışdıqları bizə ən xoş bir təsir bağışlamışdı”).
Abbasqulu ağa Olqa ilə 1833-cü ilin noyabrında Varşavada tanış olmuşdu. Aleksandr Sergeyeviç Puşkinin bacısı Olqa həmin vaxtlar artıq Pavlişeva idi. Təbii ki, bu, onunla Abbasqulu arasında isti və uzun davam edəcək könül münasibətlərinin yaranmasına maneəyə çevrilmir. Abbasqulu Puşkinlər ailəsinə ilk dəfə elə o tanışlıqdan sonra Olqadan gətirdiyi məktubla nüfuz etmişdi. Bəlkə də Olqa həmin məktubu elə Abbasqulunu öz valideynlərinə təqdim etməkçün bir bəhanə, vasitə kimi göndəribmiş. Və Puşkinlər də ilk təmasdan azərbaycanlı gəncə elə Olqa kimi vurulmuşdular.
Olqanın anası etiraf edirdi: “Abbasqulu nə maraqlı adamdır, nə qədər gözəl danışır, mən onun rəftarını çox sevdim, o, həddən ziyadə xoşuma gəlir.
Təşəkkür edirəm ki, onu bizə göndərmisən.
Leon və Aleksandr da onu görməkdən çox məmnun qaldılar...”
Hələ uşaqlıqdan gürcü dilində də danışırdı Abbasqulu ağa Bakıxanov. İslamı qəbul etmiş anası gürcü knyazının qızı idi, sonralar evlərində də qulluqçularından ikisi gürcü olmuşdu.
Qohumlar arasında yaşayan xatirələr Bakıxanovun ermənicəyə və Dağıstan dillərinə də bələdliyindən xəbər verir.
Dil bilgisinin açdığı meydan Abbasqulu ağa Bakıxanova müqayisə, mənbələri qarşılaşdırmaq, saf-çürük etmək şəraiti yaradırdı. Elə bütün bunların sayəsində o, yüzdən artıq Şərq və Qərb mənbəyindən istifadə edərək Azərbaycanda ilk dəfə tarixə dair tədqiqat biçimli əsər yazdı.
Azərbaycanlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”i səlis, asudəcə anlaşılan fars dilində yazması da, sonra həmin əsəri ruscaya tərcümə etməsi də maraqlı göstəricilərdir və bu, şəxsiyyətin elminin səviyyəsinin yüksəkliyinə dəlalət edir.
 
 Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfi kafir, gözləri xunxar gəlsin, gəlmədi.
...Dərdü möhnət keçdi həddən, bəs ki çəkdim intizar,
Gözlədim ol şux gülruxsar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsf-i camalın dilbərin,
Kuşiş etdim zinət-i göftar gəlsin, gəlmədi.
 
Dövrünün şeir dili ilə tutuşduranda Abbasqulu ağanın bu qəzəli yetərincə saya, sadə təsir bağışlayır. Amma nə qədər rəvan, anlaşıqlı, xalq deyiş tərzinə yaxın bir biçimdə qələmə alınsa da, hər halda Qüdsinin bu qəzəli də və əlimizdəki “Divan”ında yer alan bir çox başqa qəsidə, müxəmməs, məsnəvi, qitə, rübai, mənzum parça da bəlli klassik ənənənin yüzfaizli təsirindədir. Abbasqulu ağa şair babalarının ondan neçə əsr öncədən cızdığı çevrədən addım qırağa qoymur. Amma Qüdsinin təhsilini, tərbiyəsini, zövqünü, dünyagörüşünü, Qərb ədəbiyyatı və musiqisinə dərindən bələdliyini nəzərə alsaq, ehtimal etmək olar ki, o, bəlli çərçivələri sındıra da bilərdi. 
Amma etməyib.
Dahi Puşkinin anası Nadejda Osipovna qızına növbəti məktublarından birində yazırdı: “Dünən Abbas bizdə Aleksandr, Sobolevski (A.Puşkinin dostu, alim-biblioqraf – R.H.) və qrafinya İveliçlə (Puşkinlərin qonşusu, savadlı bir xanım – R.H.) nahar etdi. Təbii ki, Lev də onlarla nahar edirdi. Sonra “kapitan”, şair, Məhəmməd övladı və Sobolevski teatra getdilər. Müsəlman dostumuz (yəni Abbasqulu ağa – R.H.)orada Yer üzündəki balet hurilərinə tamaşa etməkdən ləzzət aldı”.
Şübhə yox ki, Avropada olduğu müddətlərdə Abbasqulu ağa opera həzzini də dadırmış, rus və polyak şairlərini də, fransız poeziyasını da həvəslə oxuyurmuş, amma Vətənə dönüncə yenə sabit sözəbaxanlıq və dəyişməz etibarla muğamın, xalq havacatının, dədə-baba şeirinin əyyami-qədimdən var olan qalasına sığınırmış. Maraqlıdır ki, elmdə Qərb elm həyatında gözünə dəyən yenilikləri, gərəkli saydığı cəhətləri Şərqə tətbiq etməkçün ardıcıl səy etsə də, bu biri istiqamətdə Abbasqulu ağa axıradək ənənəçi olaraq qalıb.
Bu yöndə də təşəbbüslər etsəydi, nə gözəl olardı!
Bütün başqa səmtlərdə varlığında və qələmində avropalıyla asiyalını üzvi şəkildə qovuşduran Abbasqulu ağa şeir-sənət məsələlərində sonacan “müsəlmançılığından” əl çəkməyib. Bəlkə onun geniş alim təfəkkürü qətiləşdirdiyi hansısa səbəblərə görə məhz bu yolu daha düzgün sayırmış?
Amma sonrakı zamanların artıq tamam başqa üstün ziyalıları və qələm adamlarının təşəbbüsləri, həmin mütərəqqi təşəbbüslərin sevimli nəticələri açıqca göstərdi ki, hər halda, “çəpərləri aşmaq, calaqlar, peyvəndlər etmək” faydalı bəhrələr doğururmuş.
Bu yolda Abbasqulu ağa da irəliləmiş olsaydı, yeniləşmə, müasirləşmə, dünyalaşma sarıdan bir neçə on il də qabağa düşmüş olardıq.
Orta əsrlərdə Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış salnamə və təzkirə zaman ötdükcə özünəməxsus özəlliklər əldə etmişdi. Ərəb, fars, türk və Azərbaycan dillərində yazılmış ayrı-ayrı salnamə və təzkirələr müəlliflərinin üslublarındakı fərdiyyətləri əyan etməklə yanaşı, artıq qəlibə çevrilmiş, sabitləşmiş ortaq cəhətlər də qazanmışdı.
Xüsusən, XVI əsrdən başlayaraq ana dilində nəsr nümunələri yaratmağa daha artıq meyil edən Azərbaycan müəllifləri əsasən tarixə aid əsərlərində yalnız keçmişin və yaşadıqları dövrün quru mənzərəsini təsvir etməklə kifayətlənməmiş, həm də bədii istedadlarını toparlayaraq yazdıqlarını oxunaqlı etməyə can atmışlar. Bu isə onları istər tarixi təsvir edən salnamələri qələmə alarkən, istər ayrı-ayrı şairlərin yaradıcılıqlarını təqdim edən təzkirələri tərtibləyərkən, istərsə də sənətin müxtəlif sahələri ilə əlaqədar risalələri ortaya qoyarkən çeşidli ədəbi fəndlərə fəal surətdə müraciət etməyə sövq eləmişdir. Belə üsulların bolluğu, ədəbiliyə meyil istər-istəməz həmin sənədli əsərlərə bədii görkəm vermişdir.
Abbasqulu ağa Bakıxanovun ən qədim zamanlardan XIX əsrin birinci yarısınadək sürən tarixi əhatə edən “Gülüstan-i İrəm” əsəri bu baxımdan səciyyəvidir.
Alimliyindən əlavə şair və nasir olan Abbasqulu ağa bu əsərində sanki quru tədqiqatçı qələmi ilə qaynar ruhlu təhkiyəçi ruhunun tam barışığına yetmiş, ötmüş əyyamların çox olayları barədə tarixi gerçəkləri bir hekayət, dastan şirinliyi və cəlbediciliyi ilə nəql etməyə nail olmuşdur.
Abbasqulu Bakıxanov və ilk mənbələr mövzusunun bir qanadının yanından diqqət ayırmadan sovuşmaq olmur – bu da qaynaq, ilk mənbələrin əlvanlığıdır. O həm yazılı qaynaqlara istinad edir, həm şifahi rəvayətləri iqtibas edir, həm ədəbi əsərlərdən sitat gətirir, həm də yeri düşdükcə bir numizmatik kimi sikkələrdən tarixi həqiqətlərin üstünü bürüyən ərpi, pası silmək üçün yararlanır; həm “Avesta”, “Quran” kimi din kitablarına, hədislərə müraciət edir, həm də memarlıq abidələrində, qədim tikililərin qalıqlarında tarixi gerçəkləri axtarır, həm bir etnoqraf kimi xalqın xüsusiyyətlərini, özünəməxsus məcazlarını tədqiq edir, həm də bir coğrafiyaşünas kimi ətraf mühitin, hansısa məkanın təsvirini verib yer-yurdun xalqın taleyində və tarixində oynadığı rolu göstərir. Vaxtına görə belə qlobal yanaşma üsulu, mövzunu müxtəlif bucaqlardan seyr etmək cəhdi yeni idi. Bu, Abbasqulu Bakıxanovun tarixşünaslığı mühitimizdə bir elm kimi təsdiqlətmək yolundakı mühüm xidmətlərindən biri idi. Həm də bu üsul, belə hərtərəfli tədqiq tərzi Abbasqulu ağanın özündən sonrakı tarixçilərə dərsidir. Orta əsrləri araşdıran tarixçilərimiz yalnız belə bir tədqiq ülgüsü ilə keçmişimizin düzgün və aydın mənzərəsini yarada bilərlər. Çoxqanadlı biliklərə sahibliyini nümayiş etdirmək bacarığı ayrı-ayrı elm sahələrində tam müxtəlif mövzuları araşdırarkən Abbasqulu Bakıxanova imkan verirdi ki, mövzuya çox hündürdən baxa bilsin.
Abbasqulu ağa Bakıxanovun tədqiqatındakı müsbət cəhətlərdən biri də bu idi ki, o, Azərbaycan xalqını təcrid olunmuş halda öyrənmir, yalnız başqa xalqlarla, ölkələrlə, səltənətlərlə müharibə aparan, qalib gələn, ya məğlub olan insan birliyi kimi təsvir etmir. Abbasqulu ağa Azərbaycanda cərəyan edən siyasi-ictimai hadisələri təsvir etdikcə yunanlar, romalılar, skiflər, qıpçaqlar, çeçenlər, kumıklar, alanlar, xəzərlər, ərəblər, türklər, farslar, monqollar, tatarlar, ermənilər, ruslar və başqa xalqlar, qəbilələr, tayfalar barədə məlumat verir, milli xüsusiyyətləri, inanış və etiqadları, adətləri, ənənələri, məişət, yaşayış tərzi haqqında danışır, onların Azərbaycan xalqı ilə ünsiyyətləri üzərində dayanır.
Bu gözüaçıq klassikimiz tərcüməçi işlədiyi 25 il ərzində həm burada – Qafqazda, həm də orada – Asiya və Avropaya səfərlərində bir çox əcnəbi şair və yazıçılar, bir sıra tanınmış şərqşünaslar, onlarca yüksək vəzifəli dövlət xadimi və zabitlə tanış, dost olmuşdu. Bu ünsiyyətlərdən bir yandan öz bilik və məlumatlarını genişləndirmək üçün faydalanmışdısa, o biri tərəfdən oturub-durduğu həmin insanlarda Yaxın və Orta Şərq, Qafqaz, Azərbaycan haqqında dolğun, həqiqi anlayış yaratmağa nail olmuşdu. Hər şeyi bir kənara qoysaq belə, onunla əlaqə saxlayan bu şəxslərin hamısı görürdü Abbasqulu ağa hansı zəkanın sahibidir, öyrənirdi ki, bu dərrakəli insan azərbaycanlıdır. Və elə bu şəxsi nümunə bəs idi ki, iri bir qərbli ziyalılar çevrəsinin Azərbaycana, Azərbaycan xalqına rəğbətləri şəkillənsin.
…Böyük Cavad xanın nəticəsi, ilk müstəqil Cümhuriyyətimizdə xarici siyasətə başçılıq etmiş görkəmli ziyalımız Adil xan Ziyadxanov təxirsiz dövlət işlərilə yanaşı, mənəvi yatırımız haqqında da daim düşünürdü və “Azərbaycan” ünvanlı əsərində Abbasqulu ağa Bakıxanov irsinin xalqa çatdırılması işindəki nigarançılığını gizlətmirdi: “Təəssüf olsun ki, mərhumun əsərləri bu çağacan təb olub çıxmayıbdır. Abbasqulu ağanın qohumlarından mərhum təbib Mustafa xan keçmişdə artıq bir şövq və həvəslə Abbasqulu ağanın əsərlərini yığıb təb etdirmək istəyibdi. Heyif olsun ki, o biçarəyə də əcəldən macal olmadı ki, həmin əsərləri meydana çıxarıb xəlqi də feyzləndirsin. İndi Abbasqulu ağanın nəvəsi və general Bakıxanov Hüseyn ağanın qızı Reyhanət xanım həmin əsərləri yığıb cəm eləməyə şüru etmişdir. Tez bir zamanda biçiz müsəlman şagirdlərinin nəfinə təb və nəşr etdirəcəkdir”.
Bu sətirlər yazılanda yeni – XX əsr təzə başlanmışdı və artıq o əsr köhnəlib qaldı keçmişdə, XXI yüzil asta-asta yaşa dolur. Abbasqulu Bakıxanov və onun yaratdıqları isə əskiləşmədi, boyatlaşmadı. Bu gün bizə bir az da cəlbedici gəlir.
“Üç sandıq kitab göndərdim. Əlbəttə, əlf əlbəttə, onları yaxşı qoruyub saxlayın. Qoymayın nəm çəksin, siçan yesin”. Bu, Abbasqulu ağanın ailəsinə göndərdiyi məktublarındandır. Kitaba bunca sevgi ilə, bunca canıyananlıqla yanaşan Abbasqulu Bakıxanov özü də dəyərini itirməyəcək, əsrlər adlayacaq kitablar yaratdı. 
...Rus şərqşünası İlya Berezin (1818-1896) yazırdı ki, Bakıxanov Xəzər sahilində sular altında qalmış Şəhri-yunan deyilən qədim yaşayış məskənini arayırdı. Hətta o, Gürcüstanın baş komandanından axtarışlar aparmaq üçün hərbi qüvvə ayrılmasını da xahiş etmişdi. Xahiş yerinə yetirilsə də, axtarışlar nəticəsiz qalmışdı. Abbasqulu ağa qeyb olmuş yunan şəhərini tapa bilmədi. Amma söz dünyasında sıra-sıra duyğu şəhərləri, düşüncə qitələri kəşf edə bildi…
...Abbasqulu ağa elə gur işığa, ən müxtəlif elmlər sahəsində elə ucu-bucağı görünməyən məlumata, elə mərifətə və elə yapışıqlı nitqə malik olub ki, onunla ixtilat edənlərin  hamısı təəssüflənirmiş – vaxtın tez bitdiyinə, bu nadir zəkanın mütəmadi onlarla birgə olmamasına, füsunkar təmas dəqiqələri bitincə Bakıxanovun onları tərk etməsinə…
1846-cı ildə ömrünün son səfərinə çıxmış, Məkkəyə gedən Abbasqulu ağa yolüstü İstanbulda ikən bir dəstə osmanlı alimi və yazıçısı ilə görüşür, 3 saat bahəm olurlar. 
Üç saat tamam olunca onlar da heyifsilənirlər. Öncə mat qalır, sonra heyifsilənirlər. 
Bir qafada bu qədər biliyin cəm olmasına valeh imişlər. Oktyabrın 2-də Bakıxanov Sultan Birinci Əbdülməcidə (1839-1861) təqdim olunur. Bu görüş də 3 saat çəkir. Ədəbiyyatdan danışırlar, tarixdən söhbət edirlər, elmi mükalimələr aparırlar. İndi sultan pərişan olur. Abbasqulu ağa onu tərk edib getməli olduğu üçün. 
Bunları canlı şahidlər bizə çatdırırlar – həmin görüşlərin iştirakçısı olmuş türk alimi Seyid Şərəf Xəlil Həyatizadə, o çağın türk və alman qəzetləri. 
 “Alqemayne saytunq” qəzeti (1846-cı il 30 oktyabr) yazırdı: “Onun alimliyinin şöhrəti özünü də ötüb keçmişdi. Sultanla görüşərkən müəllifi olduğu, astronomiyaya aid traktatı da sultana bağışladı. Bu kitabda türk alimlərinin küfr sayaraq rədd etdikləri Kopernik sisteminin, əslində, “Quran” deyəni dediyi isbat olunurdu”.
Abbasqulu ağanın söylədikləri sultanın ağlına necə batırsa, həmin kitabı – “Əsrar ül-mələkut”u (“Kainatın sirləri”) yubatmadan müfəssəl şərhlərlə birgə ərəbcədən çevirərək nəşr etməyi buyurur. Və Abbasqulu ağaya məftunluğunun əlaməti olaraq onu “İftixar” ordeni ilə təltif edir.
Bir neçə saat içində böyük bir ölkənin başçısının və onlarca aliminin fikrini onları inandıraraq dəyişə bilmək sadə qüdrət deyil. Allah belə insanları dünyaya, görünür, məhz indiyəcən bilinməmiş xəbərləri vermək, yanlışları dəyişmək, doğru yolları göstərməkçün ezam edir. 
Yoxsa ki, həcc ziyarətinə gedərkən Qüdsinin elə yolüstü Konstantinopolda dayanıb düşüncələrinə görə kafirlər cərgəsinə qatılmış Kopernikə Allahın Kitabına istinad edərək, rəğbətlər qazandıra bilməsi təsadüf deyildi ki. 
Allah bir sevimli bəndəsini müdafiə etməkçün digər istəkli bəndəsini səfərbər etmişdi.
Sultanın ona verdiyi “İftixar” ordeni bir rəmz idi.
Abbasqulu ağa Bakıxanova əbədi iftixar ünvanı olmaq şərəfini isə Pərvərdigar özü bağışlamışdı.
Həcc ziyarətinə çıxanda Abbasqulu ağanın 52 yaşı vardı. Lakin sanki artıq yorulubmuş. Karyeradan-filandan da (bezibmiş demirəm ki, çox kəskin və qəti səslənər, amma hər halda ən azı) doyubmuş.
Firudin bəy Köçərli xəbər verir: “Axırda dünya şöhrətini puç, cahü rəyasət tələbini biməzmun görüb xidmətdən istefa veribdür. İbadətə və axirət sərmayəsini cəm etməyə məşğul olub”.
Qüdsi həccə gedəndə Quba qazisi Hacı Molla Abdulla axundu da özü ilə aparıbmış.
Abbasqulu ağa ziyarətini tamama yetirəndə Haqqın dərgahından iltimas edir: “İlahi, hər padşahdan mənə orden verilibdir, səndən də bir nişan təmənna edirəm ki, axır nişanım olsun”.
(Sultanın əta etdiyi son ordenindən əvvəl ona İran şahı 2-ci dərəcəli, ulduzlu, almazlarla süslənmiş “Şirü Xurşid”, ondan da qabaq Rusiya imperatoru 3-cü dərəcəli bantlı “Müqəddəs Anna” ordeni vermişdi).
Ordenlər almağa, bir növ, adətkərdə olmuşdu.
Və Hacı Molla Abdulla axund Abbasqulu ağadan Pərvərdigardan dilədiyi nişanda muradının nə olduğunu soruşur. Qüdsi belə cavab verir: “O nişan bu müqəddəs məkanda ölməkdir”. Və Allah ondan həmin nişanı da əsirgəmir… 
Astranomiyaya dair “Əsrar ül-mələkut” əsərinin sonunda Abbasqulu ağa üzünü göylərə tutaraq dua edirdi: “Özünə xas olan sifətlərlə yanaşı, yaratdıqlarının mahiyyəti ilə də dahilərin əqlini heyran edənə həmd olsun”.
Gözümüzü göydən çəkərək bu sözləri keçmişdəkiləri, indikiləri və gələcəkdəkiləri doğurduqlarıyla həmişə heyran qoymuş və qoyacaq Abbasqulu ağa Bakıxanov kimi qüdsiyyət sahiblərinə də yaraşdırsaq, haqq olar...
...Bu gün dünya dənizlərinə sahilində böyüdüyü Xəzəri ömrü boyu xüsusi bir məhəbbətlə sevmiş böyük Abbasqulu ağanın şərəfinə “Bakıxanov” adlandırılmış gəmi də çıxır.
Hər gəmi kimi onun da qət edəcəyi millər və kilometrlərin bəlli sayı, dayanacağı məlum limanlar, müəyyən istismar müddəti var.
Lakin elm, poeziya, mənəviyyat dənizində, minnətdar xalqının ürəyində üzən bir Abbasqulu ağa Bakıxanov gəmisi də var ki, onun səfərləri əbədi, ömrü sonsuza qədərdir!.. 
Rafael HÜSEYNOV, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik 
"Xalq qəzeti", 20 iyun 2019-cu il
  • Paylaş: