Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İranda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər
05.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İranda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov İran İslam Respublikasının Kərəc şəhərində keçirilmiş “Tarla bitkiləri üzrə I Beynəlxalq və XIII İran milli elmi konfransı”nda iştirak ediblər.

Dünyaşöhrətli alim, Nobel Mükafatı Laureatı Norman Borlauqun 100 illik yubileyinə həsr olunmuş tədbirə ABŞ, Avstraliya, Fransa, Cənubi Afrika, Pakistan, Hindistan və digər ölkələrin alim və mütəxəssisləri qatılıblar.

Tədbirdə Z.Əkpərov “Azərbaycanda bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransdan sonra İran Elmi Tədqiqat Aqrar Biotexnologiya İnstitutu (ETABİ) və İran Milli Genbankının alim və rəhbər heyətilə fikir mübadiləsi aparılıb, birgə tədqiqatların aparılması istiqamətində prioritetlər müəyyən edilib. Azərbaycanda aqrar biotexnologiya, molekulyar genetika, genomika və molekulyar fiziologiya sahələrinin inkişafı, o cümlədən, aqrar sahədə gen mühəndisliyinin nailiyyətlərindən istifadə və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sisteminin yaradılması üçün İran, Yaponiya və s. ölkələrin alimləri ilə tədqiqatların aparılması, seminarların təşkili, kadr hazırlığı və beynəlxalq layihələrdə iştirakın təmin olunması məsələləri müzakirə olunub.

Görüşlər çərçivəsində İran ABETİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: