24-26 iyun 2019-cu il tarixlərində Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib.
Foruma dünyanın 21 ölkəsindən 250-yə yaxın nümayəndə qatılıb. Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və institutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova iştirak ediblər.
Forumun bir bölməsi Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Həmin bölməyə akademik M.Nağısoylu və İndiana Universitetinin professoru N.Şahrani rəhbərlik ediblər.
Tədbirdə akademik M.Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri” adlı məruzə ilə çıxış edib.
Forum çərçivəsində, həmçinin türkdilli ölkələrdə terminologiyanın inkişafını təmin etmək məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyədən olan terminoloqların birgə iclası da keçirilib. İclasın məqsədi türkdilli ölkələrdə terminologiyanın inkişafını koordinasiya etmək, mütəxəssislər arasında əlaqələri genişləndirmək və ortaq terminlərin yaradılması prinsiplərini müəyyənləşdirmək olub. İclasda bu məsələlərin həlli üçün “Dil və terminologiya” daimi komissiyası təsis edilib. Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, prof. S.Sadıqova “Terminoloji sistemin formalaşması və ona təsir edən amillər” adlı məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.