Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2019 14:41
  • A-
  • A
  • A+

Azərbaycandilli “Vikipediya”da Macarıstanla bağlı informasiyalar genişləndirilir

Azərbaycandilli “Vikipediya”da Macarıstanla bağlı informasiyalar genişləndirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın ölkəmizdəki səfirliyi “Azərbaycandilli “Vikipediya”da Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” layihəsinin təqdimatını keçirib.

Tədbirdə kitabxananın direktoru, t.ü.f.d. Leyla İmanova birgə əməkdaşlıq çərçivəsində Georq Hazainin şəxsi kitabxanasına MEK tərəfindən elektron kataloq və rəqəmsal bazanın təqdim edilməsini, Macarıstan Prezidenti Yanos Aderin qərarı əsasında hər iki ölkənin elmi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə MEK-in Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilməsini, Macarıstan Elmlər Akademiyası tərəfindən kitabxanaya tanınmış elmi jurnalların və Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid hissələrinin hədiyyə olunmasını yüksək qiymətləndirib. O, Macarıstan səfirliyinin dəstəyi ilə macar şairi Mikloş Radnotinin “Bir dəli yağış” şeir toplusunun təqdimatını və ümumilikdə macar müəlliflərinin Azərbaycan dilinə tərcümələrini, Georq Hazai ev-kitabxanasının elektron kataloqunun dünya informasiya məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar olaraq dəyərləndirib.

Leyla İmanova MEK-in “Vikipediya” Metodik Mərkəzinin Macarıstanla bağlı fəaliyyətindən də danışıb. O, layihədə diplomatik nümayəndəliyin, fundamental informasiya qurumu olan elmi kitabxananın və könüllülərin sistemli şəkildə çalışmalarından, çoxşaxəli informasiya toplusunun yaradılmasından, iş prosesində komandanın və könüllülərin yeni bilik və bacarıqlara yiyələnməsindən bəhs edib.

MEK-in rəhbəri kitabxananın “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətinin beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirildiyini, Macarıstanla bağlı layihənin bundan sonra da davam etdiriləcəyini və gələcəkdə mindən çox viki-məqalənin hazırlanacağını vurğulayıb.

Sonra çıxış edən Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkeni ikitərəfli münasibətlərin Azərbaycan-Macarıstan elmi-mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini bildirib. V.Sederkeni ötən müddət ərzində səfirliyin kitabxana ilə birgə təşkil etdiyi “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfransı, “Bakıda Macarıstan günləri”nin, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyniadlı animasiya filminin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq Georq Hazai, siyasi-ictimai xadim İştvan Seçeni və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbirləri xatırladıb. Səfir MEK tərəfindən Macarıstanın əhalisi, adət-ənənələri, coğrafiyası, ədəbiyyatı, tarixi və mədəni irsinə dair 261 viki-məqalənin və portalın hazırlanıb azərbaycandilli “Vikipediya”da yerləşdirilməsi layihəsinə xüsusi toxunub. 

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Macarıstan ikitərəfli elmi-mədəni əlaqələrinin genişləndirilməsində səfirlik və MEK-in birgə fəaliyyətini yüksək qiymətləndirib.

İsa Həbibbəyli türkologiyanın inkişafında macar alimlərin rolundan, Macarıstan Elmlər Akademiyasının institutlarının AMEA-nın institutları ilə elmi əlaqələrindən söz açıb. Bu münasibətlər zəminində əldə edilmiş nəticələrin son dərəcə əhəmiyyətli olduğunu deyən AMEA-nın vitse-prezidenti çoxşaxəli əməkdaşlığın ölkələrimiz arasında elmi və ictimai-siyasi əlaqələrin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Tədbirdə kitabxananın Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşları – Mahirə Niftullayeva və Nuray Tanrıverdiyeva MEK və Macarıstan səfirliyinin birgə əməkdaşlığı və “261 + 1” layihəsi mövzusunda təqdimatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: