Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib
01.07.2019 09:10
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib

Qırğızıstan Respublikasında Almaniyanın Konrad Adenauer Fondu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən “Mərkəzi Asiya tarixinin aktual problemləri: nəzəriyyə və tədqiqatların metodologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq elmi tədbirin işində Almaniya, Özbəkistan, Qazaxstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi Mərkəzi Asiya tarixşünaslığının gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən ibarət olub.

Azərbaycanı bu beynəlxalq tədbirdə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. O, konfransda “Postmarksist sindrom: müasir türkoloji tarixşünaslığın metodoloji problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sovet və müstəqillik dövründə türk respublikalarının tarixinin öyrənilməsində istifadə edilən metodoloji yanaşmaların ümumi və fərqli cəhətləri təhlil olunub, bu sahədə müasir dünya elminin təcrübəsinin əhəmiyyətindən bəhs edilib. Akademik Ş.Mustafayevin çıxışı konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Konfransda qədim zamanlardan yeni dövrə qədər bölgə tarixinin müxtəlif nəzəri aspektləri, bu sahədə dünya tarixşünaslığında mövcud olan müasir metodoloji prinsip və üsullar və onların bölgə ölkələri tarixşünaslığında tətbiq edilmə imkanları ilə bağlı bir sıra maraqlı məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: