Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçirilir
01.07.2019 09:47
  • A-
  • A
  • A+

Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçirilir

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak ediblər.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayacağını söyləyib. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək tədbirdə dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət konsert proqramlarının təqdim olunacağını bildirib.

Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: