Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-da yazıçı-publisist Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub
05.07.2019 11:57
  • A-
  • A
  • A+

AMEA-da yazıçı-publisist Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimatı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Y.Oğuzun müstəqillik dövründə Azərbaycan ədəbiyyatında tarixi romanın əsas yaradıcılarından biri olduğunu söyləyib. Bildirib ki, 10-dan çox romanın müəllifi olan Y.Oğuzun bu əsərlərində Azərbaycanın dövlətçilik tarixi, milli dövlətçilik təfəkkürü, azərbaycançılıq ideyaları ön planda dayanır, aparıcı xətti təşkil edir. Həmçinin tarixlə bədii düşüncənin balansı ustalıqla gözlənilir, tarixi faktlar, reallıqlar qorunaraq bədiiləşdirilir.

Təqdimat mərasimində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya” mövzusunda məruzə ilə çıxış edib. O, vurğulayıb ki, yazıçı-publisistin tarixi romanları müasir təfsir dilində verilib.

Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı, professor Elman Nəsirov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, kitabın bədii redaktoru, yazıçı Elçin Hüseynbəyli və digərləri çıxış edərək “Səfəvi Şeyxi” romanının məziyyətlərindən danışıblar. Vurğulanıb ki, Yunus Oğuzun qəhrəmanları tarixdən götürülsə də, onların arzuları, ideyaları bu günümüzlə səsləşir. Bildirilib ki, yazıçının romanlarında tarix anlaşıqlı, rəvan bir bədii dillə təqdim olunur.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları - Lalə Həsənova, Elnarə Qaragözova və digər çıxış edənlər romanın həm ədəbiyyatımıza, həm də tariximizə qiymətli töhfə olduğunu söyləyiblər.

Sonda Yunus Oğuz çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: