Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkda “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” layihəsinin təqdimatı keçirilib
18.07.2019 10:07
  • A-
  • A
  • A+

YT Parkda “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” layihəsinin təqdimatı keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d., dos. Səfaləddin İsmayılovun “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” layihəsinin təqdimatı baş tutub.

Tədbirə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov və qurumun əməkdaşları iştirak ediblər.

Layihənin müəllifi qeyd edib ki, vermikultivirləşdirmə bir sıra inkişaf etmiş ölkələrdə geniş istifadə olunan texnologiyalardan sayılır. Onun sözlərinə görə, yağış qurdları vasitəsilə müxtəlif növ üzvi tullantılar emal edilir və nəticədə yüksək keyfiyyətli ekoloji təmiz üzvi gübrələr alınır. S.İsmayılov bildirib ki, qırmızı Kaliforniya yağış qurdları vasitəsilə kağız, meyvə-tərəvəz çürüntüləri, ağac kəpəyi, saman, xəzəl, məişət tullantıları emal olunur: “Həmin qurdların fəaliyyəti nəticəsində üzvi gübrə - biohumus alınır. Görkəminə görə biohumus qəhvəyi-qara, iysiz bioloji üzvi maddədir. Biohumus təbii xammaldan alınır, kimyəvi əlavələri yoxdur, zəhərləyici deyil, torpaqda humusun tərkibini artırır, qida maddələrinin yuyulmasının qarşısını alır, torpağın fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Eyni zamanda zərərli duzların, fitotoksik elementlərin təsirini azaldır, torpağın canlanmasını təmin edir, onun mikroflorasını sintezləşdirir və hər hansı üzvi gübrədən 8-10 dəfə təsiredicidir”.

Alim müasir dövrdə yağış qurdlarının artırılmasının ABŞ, İtaliya, Yaponiya, Belçika, Polşa, Fransa və digər Avropa ölkələrində, o cümlədən MDB respublikalarında inkişaf etdiyini diqqətə çatdırıb və biohumusun kənd təsərrüfatında istifadəsinin yüksək səmərə verdiyini vurğulayıb.

Sonda S.İsmayılov YT Parkın Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkdaşlarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: