Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İnformasiya hüququ” adlı dərslik nəşr olunub
19.07.2019 16:16
  • A-
  • A
  • A+

“İnformasiya hüququ” adlı dərslik nəşr olunub

İnformasiya hüququnun nəzəri və təcrübi məsələlərini özündə əks etdirən “İnformasiya hüququ” adlı dərslik nəşr olunub. Kitab Bakı Dövlət Universitetinin (BDU) yüz illik yubileyinə həsr olunub.

Kitabın həmmüəllifləri BDU-nun Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, həmin kafedranın müəllimləri – hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov və Şahin Məmmədrzalı, BDU-nun Hüquq fakültəsinin dekan müavini, “Konstitusiya hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimovadır.

Dərsliyin elmi redaktorları - professor Əmir Əliyev və hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva, rəyçiləri - AMEA-nın Hüquq və İnsan haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və BDU-nun “Beynəlxalq ümumi hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Rüstəm Məmmədovdur.

Dərslikdə informasiya hüququnun nəzəri və təcrübi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar, o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin milli qanunvericiliyi əsasında geniş təhlil edilib.

Kitabın bölmələrində informasiya hüququ və informasiya cəmiyyəti, informasiya cəmiyyətində “elektron dövlət” və “elektron demokratiya”, informasiya sahəsində münasibətlərin beynəlxalq və milli hüquqi tənzimlənməsi, informasiya ehtiyatları, informasiya sistemləri, informasiya texnologiyaları və onların təminat vasitələri informasiya hüquq münasibətlərinin obyekti kimi, Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, informasiya sahəsində əsas insan hüquq və azadlıqlarının təminatı, KİV sahəsində informasiya hüquq münasibətlərinin tənzimlənməsi, virtual məkanın hüquqi tənzimlənməsinin səciyyəvi xüsusiyyətləri, informasiya təhlükəsizliyi və informasiya-hüquqi məsuliyyət və s. məsələlər barədə ətraflı məlumat verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: