Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun bölməsi arasında beynəlxalq anlaşma memorandumu imzalanıb
11.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun bölməsi arasında beynəlxalq anlaşma memorandumu imzalanıb

AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri Dr.Robert Reilinger ilə görüşüb.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev də iştirak ediblər.

Əsas məqsəd iki qurum arasında mövcud əməkdaşlığın davam etdirilməsi, təhsil və beynəlmiləlləşmə, həmçinin elmi-tədqiqatların təkmilləşdirilməsi imkanları istiqamətində müzakirələrin aparılması idi.

AMEA prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq AMEA-nın MTİ ilə 1998-ci ildәn mövcud olan әlaqәlәrindən söz açıb. Bildirib ki, indiyə kimi geodinamika vә seysmologiya sahәlәrindә mühüm müştәrәk tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (Global Yertәyinetmә Sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb.

AMEA prezidenti qeyd edib ki, akademiyada beynəlxalq elmi fəaliyyətin davamı olaraq bu kimi elmi-tədqiqat laboratoriyasının təşkili mühüm əhəmiyyət kəsb edir. O, laboratoriyanın Azərbaycan elmini dünya miqyasında tanıtmağa zəmin yaradacağına əminliyini ifadə edib. Qeyd edib ki, bu elmi-tədqiqat işlərinin nəticələri ümumbəşəri elmi yeniliklərin əldə olunmasına gətirib çıxaracaq.

Akademik A.Әlizadə vurğulayıb ki, laboratoriyanın imkanları çәrçivәsindә geotermal və karbohidrogen ehtiyatların kəşfiyyatı, neft və qaz rayonlarının təhlükə riskinin öyrənilməsi, sürüşmə proseslərinin, palçıq vulkanlarının dinamikasının və atmosfer hadisələrinin yeni texnologiya əsasında araşdırılması mümkün olacaq.

Sonra AMEA Geologiya və Geofizika İnstitutu ilə MTİ-nin Yer, Atmosfer və Planetar Elmlər Bölməsi arasında “Geodeziya və Geodinamika laboratoriyası”nın yaradılması məqsədi ilə memorandum imzalanıb.

Memorandumda “Geodeziya və geodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması, həmçinin Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirmək nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: