Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə bağlı yeni əlyazma çap olunub
08.08.2019 09:51
  • A-
  • A
  • A+

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə bağlı yeni əlyazma çap olunub

“Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.

Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-cı illərinə aid əlyazmanı transliterasiya edərək geniş “Ön söz” və altyazılarla nəşrə hazırlayan institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Kitaba əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı “Ön söz”də Ə.Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığındakı yeri haqqında məlumat verir.

Yeni əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğəti olmaqla üç mühüm hissədən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: