www.science.az
16.08.2019 09:43

Yaponiyalı tədqiqatçı Azərbaycanın Neolit dövrünə aid obsidian alətlərini araşdırır

Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın Neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü)  hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.  

Əsas məqsəd Azərbaycan ərazisində Neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində Neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsi olub.

Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib.

Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.