Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
26.08.2019 10:25
  • A-
  • A
  • A+

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur.

Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir. Muğamımız bu gün bütün dünyanı fəth etmək, dilindən, dinindən, irqindən, miliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtıdarındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: