www.science.az
04.09.2019 16:22

Akademik Kamal Abdullayevə dövlət təltifi təqdim olunub

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət xadimi “Xalq şairi”, "Xalq yazıçısı", "Xalq artisti, "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" və "Əməkdar mədəniyyət içşisi" fəxri adlarına layiq görülüb.

Sentyabrın 4-də ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi ənənəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin bu müdrik yanaşması Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimiz yaradıcı insanların işini daim diqqət mərkəzində saxlayır, əsərlərinin təbliğinə dəstək verir. Ölkə başçısının sərəncamları ilə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri geniş şəkildə qeyd olunur, adları əbədiləşdirilir, əsərləri çap olunur. 

Nazir bu gün təltif edilən incəsənət və ədəbiyyat xadimlərinin Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən insanlar olduğunu qeyd edib. 

Daha sonra dövlət təltifləri təqdim olunub. Təltif olunanlar sırasında Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev də var.

Əbülfəs Qarayev vurğulayıb ki, akademik Kamal Abdullayev görkəmli ədəbiyyatşünas, dilçi alim olmaqla yanaşı, oxucuların rəğbətlə qarşıladığı yazıçı-dramaturqdur. Onun əsərləri ölkəmizin hüdudlarından kənarda da böyük maraqla oxunur. Kamal Abdullayev Azərbaycanın malik olduğu multikultural dəyərlərin dünyada təbliğ olunmasında böyük xidmətlər göstərir.

Sonda təltif olunanlar göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.