Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2019 15:18
  • A-
  • A
  • A+

Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbərinə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təqdim edilib

Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbərinə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təqdim edilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 24 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunan Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marroya nişanın təqdimetmə mərasimi keçirilib.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkəmizdə tarixi abidələrimizin, maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran alim müvafiq sərəncamlara əsasən yaradılan qoruqlardan, maddi-mədəni irsimizin tədqiqi üçün ayrılan maliyə vəsaitindən, abidələrin mühafizəsi və elmi araşdırmalar üçün yaradılan böyük imkanlardan danışıb. Vurğulayıb ki, tarixi abidələrimizin mühafizəsi və onların elmi araşdırmalara cəlb edilməsi dövlətimizin bu gün diqqət mərkəzində saxladığı məsələlərdəndir.

“Xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisi olan maddi-mədəniyyət abidələrimizə qayğı Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birbaşa nəzarəti altındadır”- deyə bildirən İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirləri diqqətə çatdırıb. Bildirib ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları 2006-cı ildən xarici həmkarları ilə birgə Naxçıvan tarixinin müxtəlif dövr və problemlərinə dair tədqiqatlar aparırlar. Arxeoloq alimlər tarixi dəlillərə söykənərək yekdilliklə Naxçıvan ərazisinin bəşər sivilizаsiyаsının ən qədim mərkəzlərindən və ilkin şəhər mədəniyyətinin təşəkkül tapdığı yerlərdən biri olduğunu bildirirlər. Onların fikirlərincə, tarixi yaşayış məskəni kimi daha qədim olan Naxçıvan şəhər kimi 5 min il bundan əvvəl formalaşıb.

İ.Hacıyev Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən da bəhs edərək bildirib ki, ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrünə aid I və II Kültəpə, Ovçulartəpəsi, Oğlanqala, Duz dağ, Uçan ağıl, Şorsu və digər abidələr aşkarlanıb. Həmin abidələrdən qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda kitab, monoqrafiya, jurnal, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Sonra bölmə sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanını Katherine Marroya təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Katherine Marro Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova əməyinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Fəxrəddin Səfərli çıxış edərək bildiriblər ki, bölmə əməkdaşları və arxeoloqlar daim öz üzərlərində dövlətin qayğısını hiss edirlər. Katherine Marronun “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilməsi bu qayğının növbəti təzahürüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: