Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tələbələr İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər
12.09.2019 09:24
  • A-
  • A
  • A+

Tələbələr İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil alan və hazırda institutda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri ilə görüş keçirilib. Tələbələr 02.09.2019-cu il tarixindən 14.09.2019-cu il tarixinədək institutun 2, 9 və 16 saylı şöbələrində təcrübə keçəcəklər.

Görüşdə institutun elmi katibi Mədinə Səidova, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvləri - Ramiz Alıquliyev, Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, Gülnarə Nəbibəyova, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova və elmi-tədqiqat təcrübəsi rəhbərləri iştirak ediblər.

Öncə elmi katib M.Səidova informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahədə tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən Mədinə Səidova tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.

Sonra G.Nəbibəyova çıxış edərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olduğunu diqqətə çatdırıb. Onun  sözlərinə görə, elmi-tədqiqat təcrübəsi üçün institutun 16 saylı şöbəsinə təhkim olunan tələbələr veb-texnologiyalar, onların elmi-nəzəri problemləri, veb-saytların yaradılması və klassifikasiyası istiqamətlərində araşdırmalar aparırlar.

Görüşdə, həmçinin institutun şöbələrində neft-qaz sənayesi, maşın təlimi, hidravlik sistemlərin vəziyyətinin monitorinqi, proqram mühəndisliyi və proqram təminatı, eləcə də digər istiqamətlərdə aparılan araşdırmalar və əldə edilən təcrübələr haqqında məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: