Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

13.09.2019 11:11
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd edilib

Naxçıvan Bölməsində akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd edilib

AMEA-nın Naxçıvan Bölməsində görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illiyinə həsr olunan “İlk dilçi akademik Məmmədağa Şirəliyev” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident İlham Əliyevin “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 19 iyul 2019-cu il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, bu sənəd Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan alimin fəaliyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Məmmədağa Şirəliyevin çoxşaxəli elmi yaradıcılığından danışan İ.Hacıyev bildirib ki, alimin Azərbaycan dilçilik elminin yaranması və inkişafında, onun dünyada, xüsusilə türkdilli ölkələrdə tanınmasında böyük xidmətləri olub.

Qeyd olunub ki, M.Şirəliyev elmi fəaliyyəti ilə yanaşı, təhsil sahəsində də əvəzsiz işlər görüb. Görkəmli alim ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırmasına həsr edib. Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmalarının nəticəsi olaraq M.Şirəliyevin müxtəlif illərdə sanbalı elmi məqalələri, kitabları nəşr edilib. Onun fundamental “Azərbaycan dialektologiyanın əsasları” əsəri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

İ.Hacıyev bildirib ki, yüksəkixtisaslı dilçi kadrların, xüsusilə dialektoloqların hazırlanmasında da Məmmədağa Şirəliyevin böyük xidmətləri olub. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru hazırlanıb.

Diqqətə çatdırılıb ki, elmi irsi dilçiliyimiz üçün dəyərli olan Məmmədağa Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”ı tərtib edilib.

Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Akademik Məmmədağa Şirəliyevin həyatı və elmi fəaliyyəti”, həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dialekt və şivələrinin təsnifi məsələləri”, Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Akademik Məmmədağa Şirəliyev və dialektologiya məsələləri” və Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Akademik Məmmədağa Şirəliyev və türk dünyası” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: