Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan etdi
13.06.2014 00:00
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında nəticələri yenicə elan olunmuş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə ənənəvi görüş keçirilib. Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev qalibləri təbrik edərək ölkədə həyata keçirilən elm siyasətinin uğurlu nəticələrindən söz açıb.

Tədbirdə, həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 5-ci “Mobillik qrantı” müsabiqəsi elan edilib. Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə elan edilib.

Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat təşkil edəcək. Kiçik maliyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə 2014-cü il 1 oktyabr-31 dekabr tarixlərində Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə, xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməsi təmin ediləcək.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü il 17 iyun tarixindən başlayaraq 31 iyul saat 17:00-dək qəbul olunacaq. 5-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin 2014-cü ilin sentyabr ayında açıqlanması planlaşdırılır.

Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: