Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin ümumi iclası keçirilib
15.09.2014 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin ümumi iclası keçirilib

AMEA Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin (MK–İRM) ümumi iclası keçirilib. Tədbiri İRM direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Öncə İRM-in işlər üzrə direktor müavini Azər Cəfərovun “Azərbaycanda hərbi – siyasi durum və MK–İRM işçilərinin öhdəlikləri” adlı məruzəsi dinlənilib. Məruzədə 1991-1994- cü illərdə Birinci Qarabağ müharibəsi tarixindən qısa bəhs edilib. Qeyd olunub ki, həmin illərdə baş verən hökumətdaxili ziddiyyətlər və ozünümüdafiə dəstələrinin vahid komandanlıq olmadan mübarizəsi döyüşlərdə uğursuzluğun yaranması ilə nəticələnib. Məruzənin sonunda Günel Anarqızının “Qarabağ hekayələri”ndən olan “Atama məktub” videoçarxı izlənilib.

İclasda son ayın fəaliyyətinə dair hesabatlar da dinlənilib. Proqram hesabatlarında İT və kitabxana bölmələrinin müxtəlif meyarlar üzrə icra edilmiş vəzifə öhdəliklərinə, iş vaxtından sonra icra edilmiş tapşırıqlar və həyata keçirilmiş təşəbbüslərinə dair müzakirələr aparılıb. Eləcə də müəssisənin təsərrüfat fəaliyyətinin təşkili təqdirəlayiq hesab edilib. Fəaliyyətinə görə fərqlənmiş işçilərin əməyi şifahi qiymətləndirilib.

Sonra gənc vikipediyaçı Nazim Xəlilovun “AMEA-nın ilk 15 həqiqi üzvü vikipediyada” adlı təqdimatı izlənilib. İclasda, həmçinin müəsisənin əməkdaşlarından Qətibə Qasımova “Əkinçi qəzeti”, Əli Novruzlu “RFİD çiplər”, Leyla Haqverdiyeva “İşgüzar geyim tərzi”, Amil Mirzəyev “Bulud serverlər” və Sevda Hacıyeva “Muzeylər” mövzusunda təqdimatla çıxış edib.

İclasda yeni yaradılmış İctimai səhiyyə şöbəsinin məqsəd və vəzifələrindən danışılıb. Şöbənin yaxın müddət üçün iş strategiyası müzakirə olunub, tədbirlər planı hazırlanıb.

Növbəti məsələ işçi qüvvəsinin və potensialının gücləndirilməsi layihəsi çərçivəsində “ADA” Universitetinə ezamiyyətlə bağlı olub. Bildirilib ki, ezamiyyət başa çatdıqdan sonra təqdimat - hesabat işçilərin diqqətinə çatdırılacaq.

İRM-in direktoru L.İmanova MK–İRM işçilərinin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə test imtahanı keçiriləcəyindən danışıb. Qeyd edib ki, bundan sonra da işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə müvafiq qaydalar işlənilib hazırlanacaq.

İclasın sonunda müzakirə olunan məsələlərə dair rəy və təkliflər dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: