Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəsimi ili”nə mükəmməl ədəbi töhfə
03.10.2019 08:59
  • A-
  • A
  • A+

“Nəsimi ili”nə mükəmməl ədəbi töhfə

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi mövzusu elmə də, ədəbiyyata da XX əsrdə gəlmişdir. Fədakar tədqiqatçı Salman Mümtazın 1923-cü ildə çap etdirdiyi "Azərbaycan şairlərindən Nəsimi” adlı məqaləsi ilə Azərbaycan elmində nəsimişünaslığın əsası qoyulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi birinci mərhələdə, daha dəqiq desək 1973-cü ildə, İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin dövlət səviyyəsində və UNESKO miqyasında qeyd edilməsi ilə elmlə nəsimişünaslığın miqyası genişləndirilmişdir. Görkəmli elm xadimlərindən Həmid Araslı, Cahangir Qəhrəmanov, Mirzağa Quluzadənin böyük sənətkara, Zümrüd Quluzadənin hürufizmə həsr edilmiş qiymətli əsərləri meydana çıxmışdır.

Ədəbiyyatda Nəsimi obrazı Xalq şairi Qabilin Dövlət mükafatına layiq görülmüş poeması, İsa Hüseynovun məşhur "Məhşər” romanı və "Nəsimi” filmi, bir qədər sonra Bəxtiyar Vahabzadənin "Fəryad” dramı ilə əbədiləşdirilmişdir. Bütün bunlara baxmayaraq, aradan keçən yarım əsrə yaxın dövr ərzində Nəsimi mövzusuna əsaslı bir qayıdış olmamış, əksinə, başqa ölkələrdə böyük sənətkara sahib çıxmaq meyilləri qüvvətlənməyə başlamışdır. Prezident İlham Əliyevin böyük mütəfəkkir sənətkarın 650 illik yubileyinin qeyd olunması və ölkəmizdə 2019-cu ilin "Nəsimi ili elan edilməsi” haqqındakı mühüm ədəbi-tarixi əhəmiyyətə malik olan sərəncamları ilə elmdə, ədəbiyyatda və incəsənətdə Nəsimi mövzusuna yenidən qayıdışa start verilmişdir.

Artıq elmdə və ədəbiyyatda İmadəddin Nəsimi mövzusuna qayıdışda yeni inkişaf mərhələsi başlanmışdır. Müstəqillik dövründə başlanan yeni mərhələ görkəmli ədəbi şəxsiyyətə münasibətdə azərbaycançılıq mövqeyindən çıxış etmək, obyektiv ədəbi-tarixi reallıqları əks etdirmək kimi prinsiplərlə səciyyələnir. Prezident İlham Əliyevin görkəmli mütəfəkkir sənətkar haqqındakı sərəncamlarından sonra Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən bir kitabxanalıq elmi əsərlər: məqalələr və kitablar nəşr edilib oxuculara çatdırılmışdır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktorluğu ilə hazırlanmış İmadəddin Nəsiminin "Seçilmiş əsərləri” Əməkdar rəssam Fəxrəddin Əlinin çəkdiyi miniatürlərlə "Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan buraxılmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının hazırladıqları "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyası, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin "İmadəddin Nəsimi: edamdan sonrakı həyat” və "İraq divanı” kitabları, filologiya elmləri doktoru Fəridə Əzizovanın Azərbaycan, rus və ingilis dillərində çıxmış "İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda” tədqiqatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firidun Qurbansoyun "İmadəddin Nəsimi”, Qüdsiyyə Qasımovanın "Nəsimi irsinin dialektoloji tədqiqi” monoqrafiyaları Azərbaycan nəsimişünaslığının yeni mərhələsinin xüsusiyyətlərini əks etdirən qiymətli elmi əsərlərdir.

Bədii yaradıcılıq sahəsində də Nəsimi mövzusunda əsərlər yazılmasının yeni tarixi mərhələsinin ilk addımları atılmışdır. 

Görkəmli yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povesti İmadəddin Nəsimi ilə əlaqədar yeni tarixi mərhələnin ilk parlaq bədii əsəri kimi əhəmiyyətlidir.

 Povestə Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tərəfindən yazılmış redaktor qeydlərində deyildiyi kimi, "Son səfər” povesti ilə 

"sevimli yazıçımız, millət vəkili Hüseynbala Mirələmov bu sahədəki boşluğu doldurmaq üçün cəsarətli addım atmışdır”.

Məsələnin cəsarətli tərəfi sadəcə yarıməsrlik fasilədən sonra ədəbi mühitdəki sükunət buzunu qırıb, ədəbiyyatda Nəsimi mövzusuna yenidən qayıtmaqda deyildir. 

Hüseynbala Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, ilk dəfə mövzuya azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması, yəni ədəbiyyatda yeni format yaratması cəsarətli addım sayılmalıdır.

 Kitaba ön söz yazmış akademik Nizami Cəfərov da məsələnin bu cəhətini doğru-düzgün görmüş və haqlı olaraq "Son səfər” povestini Hüseynbala Mirələmovun "Nəsimiyə tamamilə yeni ideya-estetik mövqedən baxmaq təşəbbüsü” kimi qiymətləndirmişdir.

Yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povestində şair-mütəfəkkir Nəsimi hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edilmişdir.

 Əsərdə İmadəddin Nəsimi danışığından tutmuş rəftarına, insanlarla münasibətlərinə, həyəcanlarına və narahatlığına qədər, sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan qismində təqdim olunmuşdur. Bunun üçün yazıçı öz əsərində real zəmin hazırlamışdır. Povestin "şairlər şairi” Nəsiminin "ölkə-ölkə dolaşmaqdan, məscid, karvansara və xanəgahlarda gecələməkdən, dərviş, abid, imam, şair və səyyahlarla söhbət etməkdən yazıb”, ...…ömrünün yerdə qalanını ata yurdunda”, Şamaxıda keçirmək üçün qayıdışı hadisəsi ilə başlaması vasitəsilə Hüseynbala Mirələmov Nəsiminin həyatı və fəaliyyətinin hürufilik mücahidliyi dövrünü deyil, təbii bir kamil insan həyatı yaşamaq mərhələsini qələmə aldığını nəzərə çarpdırmışdır.

Nəsimişünaslıqda Hələbdə məskunlaşdıqdan sonra böyük sənətkarın Azərbaycana - Şamaxıya gəlib-getməsi barədə məlumat yoxdur. Həm də böyük ustadı, hürufiliyin nəzəri əsaslarını hazırlamış qayınatası Fəzlullah Nəiminin faciəvi şəkildə qətlə yetirilməsindən sonra İmadəddin Nəsiminin Vətənə dönüşünün mümkünsüz olması bu barədə düşünüb-daşınmaq üçün yer qoymamışdır. Fikrimizcə, "şairlər şairi”nin laməkan həyatı keçirməkdən yorulub-bezib doğma diyara dönüşünün təsviri yazıçı tərəfindən düşünülüb, Nəsimini yalnız hürufi şeirin qüdrətli yaradıcısı və ya hürufizmin böyük təbliğatçısı kimi deyil, əsl kamil insan kimi hərtərəfli şəkildə təqdim etmək üçün tapılmış detaldır. İmadəddin Nəsiminin tərcümeyi-halında onun qürbətdən vətənə dönüşü barədə hər hansı bir hadisənin olub-olmamasından asılı olmayaraq, 

yazıçının seçib müəyyən etdiyi format ədəbiyyatda İmadəddin Nəsimidən real insanın böyüklüyü, mənəvi kamilliyi, zənginliyi və sadə həyat tərzi haqqında geniş söhbət açmaq üçün əsas verir.

 Haradan baxsaq, 

ədəbiyyatda "Nəsimi real insan kimi” formatı Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni yanaşma kimi mühüm əhəmiyyət kəsb edir.

Hüseynbala Mirələmovun "Son səfər” povestində irəli sürülən əsas ana xətlərdən biri bundan ibarətdir ki, Seyid Əli İmadəddin Nəsiminin "məndə sığar iki cahan, mən bu cahana sığmazam” miqyasında böyük insanlıqla qüdrətli şair olmağı özündə cəmləşdirən mütəfəkkir səviyyəsinə yüksəlməsindən doğan qısqanclıq və paxıllıq onun həyatını faciəli sonluğa aparan əsas səbəblərdəndir. Yazıçı özü də povestdə açıq şəkildə yazır ki, "çox təəssüf ki, paxıllıq ancaq sahibi ilə bir yerdə ölür”. Yəni belə ali mərtəbəyə qalxmış uca şəxsiyyətlə mühit və qaragüruh arasındakı ziddiyyət harada olmasından asılı olmayaraq, onun rahat yaşamasına imkan verə bilməzdi. Hüseynbala Mirələmovun əsas qayəsi də Nəsiminin kamil insan kimi böyüklüyünü göstərməklə bərabər, həm də bir vətəndaş yazıçı olaraq Mirzə Ələkbər Sabirin - "öz qövmümüzün başına əngəl kələfiz biz” misralarında deyildiyi kimi, sağlığında böyük zəka sahiblərimizə özümüzün qənim kəsilməyimizin faciəsini açıb göstərməkdən ibarət olmuşdur.

"Son səfər” kitabına yazdığı "İki cahanın günəşi” adlı "proloq əvəzi”ndə yazıçı özü də Nəsiminin son aqibətinin timsalında, necə deyərlər, "Sapı özümüzdən olan baltaların” yaratdığı faciələrin mahiyyətini açıb göstərmək niyyətində olduğunu açıq şəkildə ifadə etmişdir: 

"Əslində, qəhrəmanım "şairlər şairi” Seyid Əli İmadəddin Nəsimi deyil... Onun iztirablarıdır, ağrılarıdır, öz vətənində təklənməsidir. 48 illik ömrün bitməyən məşəqqətlərini qısa bir dövr üçün - Nəsiminin Azərbaycana, Şamaxıya son səfəri müddətində rəmzləşdirdim... Mən bundan yazdım, Nəsiminin şəxsində özümüzün özümüzə qənim kəsilməyimizdən və bu naqisliyin əsrlərdir davam etməsindən bəhs etdim. Axı Hələbdə dərisi soyulmuş Nəsiminin hələ daha əvvəl burada - bu məmləkətdə ruhun soymuşduq”.

Bu mənada İmadəddin Nəsiminin Hələbdən Şamaxıya qayıdışının və ondan sonrakı hadisələrin təsviri yazıçı təxəyyülünün məhsulu olsa da, həm Nəsiminin kamil insan və bütöv şəxsiyyət kimi ucalığının, mənəvi zənginliyinin, həm də "şairlər şairi”nin taleyinin əsasında sənətkar və zaman probleminin bütün yönləri ilə açılmasına xidmət edə bilmişdir.

Ümumiyyətlə, Hüseynbala Mirələmovun "Son səfər” povesti tarixi mövzuda yazılmış bədii əsər olsa da, janr baxımından tarixi povest deyildir. Əsərdə İmadəddin Nəsimidən başqa qardaşı Şahxəndan, Şirvanşah İbrahim və başqaları da tarixi şəxsiyyətlərdir. Əsərdə Nəsimi obrazının hərtərəfli açılmasında adları çəkilən bu şəxsiyyətlərlə əlaqədar hadisələrin canlandırılması mühüm rol oynayır. Qardaşı Şahxəndanla münasibətləri Nəsiminin mənəvi dünyasının özünəməxsusluqlarını təqdim etmək üçün açar funksiyasını yerinə yetirir. Nəsiminin könül dünyası Şahxəndanla söhbətlərində və münasibətlərində geniş şəkildə açılır. Şirvanşah İbrahimin Miranşahla Qaraqoyunlu Qara Yusif arasında ikili oyun oynamasına Nəsiminin baxışının bəyan olunmasında da Şahxəndandan mərkəzi fiqur funksiyasını həyata keçirir. Bundan başqa, camaatın qaçaq-quldur adlandırdığı hakimiyyətdən narazı insanlara "şairlər şairi”nin yaxın münasibətinin oxucuya aydın surətdə təqdim olunmasında da Şahxəndan əsas sima kimi çıxış edir. Eyni zamanda mədrəsədə təhsil aldığı illərdən sevgisini qəlbində gəzdirdiyi Hüsniyyəyə doğru Şamaxıda atdığı addımlar... Şahxəndanla mükalimələr vasitəsilə açılıb aydınlaşır. Eyni zamanda həmin çevrədəki insanlarla dialoqları Şahxəndanın da həyata, cəmiyyətə dair baxışlarını oxucuya çatdırmaq üçün əhəmiyyətli bir vasitəyə çevrilir.

"Son səfər” povestində Şahxəndan haqqındakı məlumatlar və əhvalatlar Nəsiminin qardaşına dair geniş təsəvvürlərin yaranmasına kömək edir. 

Tərəddüd etmədən "Son səfər” əsərini Nəsimi ilə bərabər, həm də Şahxəndanın povesti adlandırmaq olar.

 XX əsr ərzində yazılmış bədii əsərlərdə və məlum filmdə Nəsimi və Miranşah, yaxud da Nəsimi və qaragüruh qüvvələr diqqət mərkəzində olduğundan, hadisələr daha çox Hələbdə təsvir edildiyindən Şahxəndan epizodik şəkildə yer almalı olmuşdur. "Son səfər” povesti isə Şahxəndanla əlaqədar mövcud baxışları dərinləşdirir və tamamlayır.

Beləliklə, 

Azərbaycan ədəbiyyatında Şahxəndanın geniş planda mükəmməl bədii obrazını ilk dəfə Hüseynbala Mirələmov "Son səfər” povestində yaratmışdır.

 Əsərdə Şahxəndan bilikli, məlumatlı, "Qurani-Kərim”in və qardaşı İmadəddin Nəsiminin divanının üzünü hüsnxətlə köçürən, ictimai-siyasi hadisələrdən baş çıxaran, ədəbiyyatı təhlil edib dəyərləndirməyi bacaran, mühitin mürəkkəb hadisələrindən münasib çıxış yolları tapa bilən ayıq-sayıq bir obraz kimi canlandırılmışdır. Şirvanşahlar hakimiyyəti, Teymurilər dövləti, Şamaxı mühiti haqqındakı fikirləri, Nəsiminin şeirlərinə dair özünəməxsus mülahizələri Şahxəndanın çox vaxt arxa planda qalmış bədii obrazını təsəvvür etməyə imkan verir. Yazıçının Şahxəndanı "balaca müdrik” adlandırmasını əsərdə təsvir olunan hadisələr bir daha təsdiq edir.

Hüseynbala Mirələmov "Son səfər” povestində Şahxəndanın bədii obrazını yaratmaqla Şamaxı qəbiristanlığında məqbərəsi ucalan bu şəxsiyyətə həyat vəsiqəsi vermişdir. Əsərdə Şahxəndanın dünyagörüşü, ayıq-sayıq olması haqqındakı hadisələr həm də Nəsimilər şəcərəsinin ümumi səviyyəsi, xüsusən də Seyid Əli İmadəddin Nəsiminin hansı mühitdə yetişib formalaşması barəsində daha aydın qənaətlərin yaradılmasına xidmət edir. Beləliklə, Şahxəndan obrazını masştablı şəkildə ədəbiyyata gətirmək və onun mükəmməl bədii obrazını yaratmaq yazıçı Hüseynbala Mirələmovun adı ilə bağlı olan mühüm xidmət sayılmağa layiqdir.

"Son səfər” povestində Nəsimi dünyasının yeni həyati rakursda açılmasına şərait yaradan faktorlardan biri də Hüsniyyə obrazıdır. Doğrudur, mənbələrdə İmadəddin Nəsiminin Hüsniyyə adlı sevgilisinin olmasına dair heç bir məlumat yoxdur. Ehtimal ki, "şairlər şairi”nin Hələbdən Şamaxıya qayıtması hadisəsi kimi, Hüsniyyə obrazı da yazıçı fantaziyasının məhsuludur. Lakin fikrimizcə, "Son səfər” povestində Şamaxıya dönüşü, Nəsiminin içindəki vətən eşqini, doğma torpaq duyğusunu, ana dili sevdasını geniş planda təqdim etmək üçün nə qədər uğurlu alınıbsa, Hüsniyyə obrazı da şairin qəlb aləmini, xalqa, adət-ənənələrə dərindən bağlılığını, sevgi dünyasını daha canlı şəkildə oxuculara çatdırmaq üçün düşünülmüş uğurlu bədii vasitəsidir. Taleyini ilk gənclik sevdasının nişanəsi olan Hüsniyyə ilə həmişəlik bağlamağa qərar verməsi böyük sənətkar üçün onu doğma el-obaya bağlayan Vətən anlayışının nə qədər müqəddəs olmasını göstərmək baxımından əhəmiyyətlidir. 

Hüseynbala Mirələmovun Hüsniyyə obrazı Nəsiminin təkcə öz məhəbbətinə deyil, geniş mənada vətəninə, torpağına, adət-ənənələrə, Azərbaycana sədaqətini həyati vasitələrlə göstərmək üçün tapılmış mühüm bir bədii vasitədir.

Hüseynbala Mirələmov povestin "proloq əvəzi” kimi verilmiş giriş hissəsində yazdığı, kitabın cildinin üz qabığındakı qatlanmış "bələdçi”də bir daha qabartdığı kimi, əsər boyu İmadəddin Nəsimi və qaragüruh qüvvələrlə münasibətlər xəttini diqqətdə saxlamışdır. Sovet dövründə Nəsimi mövzusunda yazılmış əsərlərdə bu süjetdə zamanın ideoloji tələbindən doğan ateizm ruhu önə çəkilmiş, həmin xətt Nəsimi və din xadimləri münasibətləri formatında təqdim edilmişdir. "Son səfər” povestində isə Hüseynbala Mirələmov Nəsiminin "kafir” hesab edən qaragüruhçu qələm əhli ilə yalançı, əsl dindən uzaq olan, mədrəsə zümrəsinin və hakimiyyətdə olub, arxadan hadisələri idarə edən "mürşidlərin” onun böyük nüfuzuna, ad-sanına paxıllıq və qısqanclıq məqamında birlikdə mübarizə apardıqlarını, bu mübarizənin dinlə heç bir əlaqəsinin olmadığı qənaətini meydana qoyur. Yazıçının İmadəddin Nəsiminin dilindən səsləndirdiyi "belə çıxır ki, paxıllar ordusu qalib gəldi”, yaxud "bir deyil, yüz deyil, min deyil, ölkənin bütün cahilləri yığışıb gəlib, sabah evimizə hücum edəcəklər” sözləri Nəsiminin hər hansı bir siyasi-ideoloji baxışdan daha çox fiziki cəhətdən cəhalətin, nadanlığın, paxıllığın, qısqanclığın, qurbanı olduğunu diqqət mərkəzinə çəkir və əsaslandırır.

Povestin yüksək səviyyədə alınmasının bir səbəbi də Hüseynbala Mirələmovun müraciət etdiyi dövrü və şəxsiyyətləri dərindən araşdırıb öyrənməsi ilə əlaqədardır. Povestin əvvəlində 

"Müəllifdən” rubrikası ilə proloq əvəzi kimi verilmiş "İki cahanın günəşi” yazıçı axtarışı, tədqiqatyönlü cəlbedici bir essedir. Bu, həm də tarixi mövzuda əsər yazan yazıçının məsələyə nə qədər ciddi yanaşdığını, zəruri axtarışlar apardığını nümayiş etdirir. Hüseynbala Mirələmovun "İki cahanın günəşi” adlı proloq əvəzi yazısını çətinlik çəkmədən filoloji yönlü jurnallardan birində elmi məqalə kimi çap etdirsək, heç kəs məqalənin bədii əsər yazmaq üçün yazıçı tərəfindən aparılmış hazırlıq işləri olduğuna inanmaz.

Bu vaxta qədər Orta əsr Azərbaycan dövlətlərinin və hökmdarlarının həyatından müxtəlif janrlarda bədii əsərlər yazması Hüseynbala Mirələmovun Nəsimini dövrün və mühitin, ədəbi-ictimai proseslərinin içərisində təsvir edə bilməsinə münasib zəmin hazırlamışdır. Bundan başqa, povest boyu hadisələrin təsvirindən görünür ki, yazıçı İmadəddin Nəsiminin həyatı və yaradıcılığını dərindən öyrənməklə yanaşı, "şairlər şairi”nin şeirlərindən də yerli-yerində istifadə edilməsinin nümunəsini göstərmişdir. Müxtəlif məqamlarda istifadə edilən Nəsiminin qəzəlləri əsərdəki hadisələrin mahiyyətinin açılmasına, proseslərin şərhinə uğurla xidmət edir. Hətta bir sıra qəzəllərin həyat hadisələri ilə əlaqəli şərhi ilə Hüseynbala Mirələmov əsl ədəbiyyatşünaslıq işi də görmüş olur.

"Son səfər” povesti Hüseynbala Mirələmovun çoxillik yaradıcılığının qanunauyğun məntiqi yekunu kimi meydana çıxmışdır.

 Bədii əsərlərində yazıçının zəngin həyat təcrübəsindən gələn hadisələri və obrazları çoxplanlı şəkildə təqdim etmək və proseslərə müxtəlif yönlərdən baxaraq reallıqları təfərrüatlarına qədər aydınlaşdırmaq prinsipi bu povestdə də özünü aydın surətdə göstərir. Bədii xüsusiyyətlərini arxa plana keçirmədən deyə bilərik ki, "Son səfər” povesti İmadəddin Nəsiminin dövrü, həyatı və müasirləri haqqında tədqiqat əsəri təəssüratı da yaradır. Bədiilik baxımından isə bu povest ilk növbədə tarixi ruhda yazılmış olan mükəmməl ədəbi əsərdir. Yazıçı əsərdə tarixi hadisələri də məlumat, xronika, icmal şəklində deyil, düşünülmüş canlı hadisələr və obrazların dialoqu vasitəsilə, yaxud da bədii təhkiyənin işığında təqdim etməklə informasiyaçılıqdan çıxarır.

"Son səfər” ədəbi-tarixi şəxsiyyət haqqında yazılmış ciddi bədii əsərdir.

 Povestdə təsvir olunan bütün hadisələr və obrazlar yazıçı təxəyyülünün süzgəcindən keçərək təsvir edilmişdir. Nəsimi kimi özünəməxsus obrazlı düşüncə sisteminə malik olan böyük bir mütəfəkkir haqqında yazılmış ədəbi əsərdə də təsvirlər canlı və emosional, bədii və cəlbedicidir. Yazıçının obraz yaratmaq ustalığı da 

"Son səfər”də bir daha nəzərə çarpır.

 Tarixdən məlum olan şəxsiyyətlərin: Nəsiminin, qardaşı Şahxəndanın, Şirvanşah İbrahim şahın, qədim Şamaxı məhəllələrinin təsvirində mövcud reallıqlarla bədii düşüncənin sintezi bir-birinə bənzəməyən fərqli obrazların və vəziyyətlərin təqdim olunması ilə nəticələnmişdir. Əsərdə yazıçı təxəyyülünün məhsulu olan Gülnaz xala, Səlbinaz xatın, Qara Qaplan Səkmən, Müsəllim Müqtədir Oğuz və başqalarından hər biri fərdi xarakterləri və fərqli zahiri görkəmləri ilə səciyyələndirilmiş yaddaqalan bədii obrazlardır.

Nəhayət, 

Hüseynbala Mirələmovun yaradıcılığı üçün xarakterik olan ümumiləşdirilmiş ibrətamiz bədii sonluq "kəşf etmək” "Son səfər” povestində də cəlbedici şəkildə özünün bədii ifadəsini tapmışdır. Onun yaradıcılığında nəsihətçilikdən uzaq olan final səhnələrindən çıxarılan nəticə bədii əsəri tamamlamaqla bərabər, həm də oxucunu dərindən düşündürüb öz arxasınca apara bilir.

 Bu cəhətdən "Son səfər” povestinin bədii sonluğu da həcm etibarilə qısa olmasına baxmayaraq, mükəmməl və təsirli bir epiloq kimi yaddaşlarda dərin iz salır: "Əslində, Seyid Əli İmadəddin Nəsimi Şamaxıdan qalib kimi ayrılırdı, çünki cahillər onun Hüsniyyə ilə evlənib xoşbəxt olmasına mane ola bilməmişdilər və bu səfərdən xəbərsiz idilər.

Şahxəndan isə ondan ötrü ağlayırdı ki, qardaşının üzünü bir daha görməyəcəyi ürəyinə dammışdı. Bu səfər - son səfər idi!

Seyid Əli İmadəddin Nəsimi bu qədər dərdi, nisgili olmasına rəğmən xoşbəxt idi. Çünki ata ocağından, qardaşından ayrı düşsə də, xoşbəxtliyin insana bəxş etdiyi dörd ünsürün dördü də onunla bir yerdə idi: sevgi, şöhrət, hörmət və nəhayət, vətən!

Bəli, doğma Azərbaycan dilinin timsalında Vətən daim onunla idi”.Hüseynbala Mirələmovun "Son səfər” povesti müasir tarixi mərhələdə görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş bədii əsərlərin yeni mərhələsinin mükəmməl başlanğıcı və qiymətli nümunəsidir. Bu, ideya və sənətkarlıq cəhətdən müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mühüm nailiyyətlərindən biri sayılmağa layiq olan əhəmiyyətli və ibrətamiz əsərdir.Nəhayət, "Son səfər” povesti təkcə onun müəllifinin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının "Nəsimi ili”nə dəyərli ədəbi töhfəsidir.

 

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


"Azərbaycan" qəzeti

  • Paylaş: