Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğluya həsr olunan beynəlxalq simpozium keçirilib
03.10.2019 10:46
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğluya həsr olunan beynəlxalq simpozium keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli mütəfəkkir, dövlət xadimi, XIX əsrin sonu XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan beynəlxalq simpozium keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolu barədə danışıb. Qeyd olunub ki, Ə.Ağaoğlu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda - Şuşada doğulub. Fransanın məşhur Sorbonna Universitetində təhsil aldıqdan sonra o, Şuşada fransız dilini tədris edib, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib, “İrşad” qəzetinin baş redaktoru olub, “Difai” təşkilatını yaradaraq xalqımızı ermənilərin soyqırımından qurtarıb. Ə.Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzurdan Azərbaycan parlamentinə millət vəkili seçilib. Sonradan Ə.Ağaoğlu Türkiyədə fəaliyyətini davam etdirərək mühüm dövlət vəzifələrində çalışıb.

N.Vəlixanlı görkəmli mütəfəkkirə həsr olunan beynəlxalq simpoziumun əhəmiyyətindən bəhs edərək, tədbirdə Ə.Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu və s. mövzularda müzakirələrin aparılacağını bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan, İran, Niderland, Rusiya, Türkiyə alimlərinin iştirak edəcəyi tədbirdə 30-dan artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulub. Simpoziumun işində Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları - nəticəsi Əhməd Ağaoğlu, bacısı nəvəsi professor Yasemin İnceoğlu Giritli, böyük əmisinin nəticəsi Yeşim Ağaoğlu da iştirak edirlər. 

Açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ə.Ağaoğlunun zəngin irsindən, onun öyrənilməsinin və populyarlaşdırılmasının vacibliyindən danışıb. Akademik qeyd edib ki, Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı onun irsinin dərindən öyrənilməsi üçün geniş imkanlar açır. O, Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması, erməni və digər düşmən mövqeli xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı duraraq bu fəlakətin qarşısını alması istiqamətindəki xidmətlərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək mükəmməl təhsil almış Ə.Ağaoğlunun doğma Vətəninə bağlılığından, apardığı milli mücadilənin müxtəlif aspektlərindən, onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəsi istiqamətindəki fəaliyyətindən danışıb. Bildirib ki, hər iki ölkədə bir neçə qəzetin təsisçisi və redaktoru olmuş Ə.Ağaoğlu yazılarında həmişə Şuşanı xatırlayıb və ömrünün sonunadək nitqində Qarabağ ləhcəsini qoruyub saxlayıb.

Çıxışlarda Ə.Ağaoğlunun irsinin oxuculara çatdırılmasında Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin araşdırmalarının müstəsna əhəmiyyəti xüsusi qeyd edilib.

Sonda çıxış edən görkəmli mütəfəkkirin bacısı nəvəsi, professor Yasemin İnceoğlu Giritli Ə.Ağaoğlunu Azərbaycan və Türkiyə üçün önəmli ideoloq və cəsarətli qəzetçi kimi xarakterizə edib, tədbirin təşkilinə görə muzeyin rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: