Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” kitabı nəşr olunub
03.10.2019 12:20
  • A-
  • A
  • A+

“Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” kitabı nəşr olunub

AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarovun “Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika” adlı monoqrafiyası çap olunub.

İnstitutun elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Akif Musayev, rəyçiləri iqtisad elmləri doktorları, professorlar Yadulla Həsənli və Yaşar Kəlbiyevdir.

Nəşrdə iqtisadi-riyazi modellərin müxtəlif üsulların köməyi ilə qurulması və onların MS Excel, EViews proqram paketlərində həlli texnologiyaları verilib. Kitabda əməliyyatlar tədqiqi, o cümlədən xətti proqramlaşdırmada qoşmalıq, onların Simpleks metodla həlli, nəqliyyat və sahələrarası balans məsələləri, iqtisadi sistemin göstəriciləri arasındakı əlaqə tənliyinin qurulması və qiymətləndirilməsi nəzəri baxımdan izah edilib, MS Exceldə onların həlli texnologiyaları göstərilib.

Monoqrafiyada dəniz nəqliyyat donanması gəmilərindən təyinat məntəqələrinə daşınan yüklərin optimallaşdırılması üzrə səmərəli yükaşırma planının tərtib edilməsinin, həmçinin müxtəlif yüklərin emalında liman yanalma körpülərinin, investisiya qoyuluşlarının səmərəliliyinin artırılması məsələlərinin iqtisadi-riyazi modelləri qurulub və modelə daxil olan dəyişənlər MS Exceldə Solverin və Simplexvin 3.1 proqram paketinin tətbiqi ilə təyin edilərək müvafiq qiymətləndirmələr aparılıb.

Yeni nəşr ali məktəblərdə Ekonometrika, İqtisadi informatika, Statistika, Gömrük statistikası və informasiya texnologiyaları, Əməliyyatlar tədqiqi fənlərinin tədrisi, iqtisadi araşdırmaların aparılması, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: