Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Görkəmli arxeoloqun 70 illik yubileyinə həsr olunan məqalələr toplusu nəşr edilib
07.10.2019 09:38
  • A-
  • A
  • A+

Görkəmli arxeoloqun 70 illik yubileyinə həsr olunan məqalələr toplusu nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Azərbaycan arxeologiyasına dair tədqiqatlar. Qoşqar Qoşqarlının 70 illik yubileyinə həsr olunmuş məqalələr toplusu” nəşr edilib.

İnstitutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının 70 illik yubileyinə həsr olunmuş əsərdə son dövrlərdə ölkə ərazisində aşkar edilmiş və müxtəlif tarixi dövrləri əks etdirən abidələrdə aparılmış tədqiqatlar, həmçinin Azərbaycan və Avropanın tanınımış arxeoloqlarının məqalələri yer alıb.

Nəşrin elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Nəcəf Müseyiblidir. 

Məqalələr toplusunda Nəcəf Müseyibli və t.ü.f.d. Təvəkkül Əliyevin həmmüəllifi olduqları ilk məqalədə arxeoloq Qoşqar Qoşqarlının həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Q.Qoşqarlı elmi fəaliyyətinin ilk illərindən Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməmiş sahələrindən biri — torevtika (qiymətli metallardan və tuncdan hazırlanmış avadanlıq) məmulatlarının tədqiqi ilə məşğul olub. O, 1981-1985-ci illərdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsində elmi katib vəzifəsində işləyib. 1986-1992-ci illərdə Talış-Muğan arxeoloji ekspedisiyasının rəisi  kimi fəaliyyət göstərən arxeoloq Muğan və Lənkəran, Astara bölgələrində əvvəllər elmə məlum olmayan tunc, ilk dəmir, antik və orta əsrlər dövrlərinə aid yüzlərlə tarixi-arxeoloji abidələr aşkar edib. 1988-1996-cı illərdə Q.Qoşqarlı UNESCO-nun “Böyük İpək Yolu” beynəlxalq proqramında Azərbaycan elmini təmsil edərək, ölkəmizdə ilk dəfə olaraq qədimdə və orta əsrlərdə Böyük İpək Yolu sistemində Azərbaycanın rolu problemini işləməyə başlayıb.

Məqalədə bildirilir ki, Q.Qoşqarlı 2001-2005 və 2013-2019-cu illərdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərinin tikintisi ilə əlaqədar arxeoloji tədqiqatlar layihəsinə rəhbərlik edib. Bu layihə çərçivəsində müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və nekropolllar aşkar olunaraq tədqiq edilib. Arxeoloqun bu elmi araşdırmaları 2012-ci ildə nəşr etdirdiyi “Azərbaycan əraizisindəki antik dövr qəbir abidələrinin tipologiyası” adlı fundamental monoqrafiyada öz əksini tapıb. O, respublikada və xaricdə nəşr olunmuş 100-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Q.Qoşqarlı, həmçinin ölkə başçısının müvafiq sərəncamlarına əsasən nəşr olunmuş “Azərbaycan ensiklopediyası. Əsas cild”inin və “Azərbaycanın Milli Atlası”nın müəlliflərindəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: