Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da coğrafi informasiya sistemləri üzrə təlimlərə başlanılıb
08.10.2019 09:37
  • A-
  • A
  • A+

AMEA-da coğrafi informasiya sistemləri üzrə təlimlərə başlanılıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə başlanılıb.

Coğrafiya İnstitutunda 2 həftə davam edəcək təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi, professor Əli Əkbər Rəsuli aparır.

Tədbirdə institutun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək müasir zamanda CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini deyib. Bildirib ki, informasiyanın əldə olunması və emalında, istifadəçiyə çatdırılmasında CİS liderlik mövqeyini saxlayır. CİS-ə yer səthinə aid informasiyaların toplanması, inteqrasiyası və təhlili üçün xüsusi proqramlarla təchiz olunmuş kompüter sistemi kimi baxılır və onlar daim təzələnir.

Akademik R.Məmmədov bildirib ki, ölkəmizdə CİS texnologiyaları geniş inkişaf etdirilir, onların nəzəri problemləri öyrənilir, praktikada tətbiq olunur. Bu texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edən alim bu sahədə elmi tədqiqat işlərinin intensivləşdirilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyini vurğulayıb. 

Daha sonra coğrafi informasiya sistemlərinin yaranması və mahiyyəti barədə məlumat verən professor Əli Əkbər Rəsuli qeyd edib ki, aparılan elmi tədqiqatlarda CİS, məkan verilənlərinin strukturu, məkan analizlərinin tətbiqindən geniş istifadə olunmaqla bu istiqamətdə təlim və treninqlərin aparılması ilə müasir tələblərə uyğun səviyyəyə çatdırılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması tələb olunur. Ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında CİS vasitəsilə əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlilinin zəruriliyi meydana çıxır.

Təlimlərin təşkilində xüsusi rolu olan və ArcGİS proqramı üzrə praktik məşğələlər keçirən geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşı Yaşar Nəsibov CİS proqramlarının tətbiqi barədə danışıb.

CİS üzrə təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geologiya və Geofizika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: