Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq elmimizin dünya şöhrətli nümayəndəsi
09.10.2019 09:09
  • A-
  • A
  • A+

Şərqşünaslıq elmimizin dünya şöhrətli nümayəndəsi

Azərbaycan şərqşünaslığı qədim və dərin tarixi köklərə bağlıdır. Böyük Azərbaycan mütəfəkkirləri və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Məhəmməd ibn Hinduşah Naxçıvani, A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazım bəy və başqaları öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat və fəlsəfəsinin inkişafına əvəzsiz töhfələr vermişlər.

Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur: ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşünaslar...

Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdirib, keçmiş sovet şərqşünaslığında xüsusi "Azərbaycan məktəbi”nin mövcudluğunun etiraf olunmasını təmin etmişlər. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri biliyi, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakı şəhərindəki 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuşdur. 1962-ci ildə universiteti bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda məhsuldar elmi fəaliyyətinə başlamışdır.

Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmiş, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək ucalmışdır.

1989-cu ildə Aida xanım Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi və az sonra bu ixtisas üzrə professor adı almışdır.

Üç monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi”, M., 1975; "Cübran Xəlil Cübran”, B., 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri”, B., 1991) və 70-dən çox elmi məqalənin müəllifi olan Aida xanım Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görmüşdür. O həmçinin Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika xarici ölkə ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasına sədrlik etmişdir.

Görkəmli alim Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil etmişdir. Aida xanımın elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanması daim diqqət mərkəzində saxlanmışdır. Təsadüfi deyil ki, institutun ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyi ilə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olmuş, Bakı Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirə oxumuşdur.

Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqat sahəsi kimi ərəb filologiyası, konkret olaraq ərəb məhcər ədəbiyyatı qeyd edilir. Lakin Aida xanımın araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir. Belə ki, Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürmüşdür. Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşmişdir: Şərqin bir çox ölkələrinin müasir inkişafı bir gerçəkliyi ortaya qoyur - Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsin. Alimin çoxsaylı elmi əsərlərində Qərb-Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.

Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kulturoloji müstəvilərdə üzə çıxması, əslində, elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Bu problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XIX əsrin sonlarında qaldırılmışdı. Aida İmanquliyeva məhz həmin ədəbi-bədii proseslərin XX əsrin axırlarında kəsb etdiyi yeni ictimai-siyasi mənanın aktuallığını nəzərə alaraq bu problemi Azərbaycan şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi.

Qeyd etdiyimiz kimi, Aida xanım İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Bununla belə onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı idi.

XIX əsrin sonlarında bir çox ərəb ölkələrinin, ilk növbədə Livanın ictimai-siyasi və iqtisadi həyatında problemlər insanları vətəni tərk edib kütləvi şəkildə ABŞ-a üz tutmağa məcbur etdi. Livan yaradıcı ziyalılarının ABŞ-a, xüsusilə də Nyu York şəhərinə mühacirəti ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başlandı, bu da son nəticədə yeni ərəb ədəbiyyatının formalaşmasında əhəmiyyətli rol oynayan xüsusi və özünəməxsus "Suriya-Amerika məktəbi”nə çevrildi. Ərəb ədəbiyyatını fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu ilə onu yeniləşdirmək missiyası "Suriya-Amerika məktəbi”nin aparıcı nümayəndələrinin üzərinə düşdü.

Alimin çoxsaylı və gərgin araşdırmaları sayəsində aşağıdakı nəticələr əldə edilmişdir: ərəb məhcər ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. "Suriya-Amerika məktəbi”nin ən istedadlı sənətkarları əcnəbi ədəbiyyatlardan məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətləri mənimsəmişlər. Bu yazıçıların fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir. "Suriya-Amerika məktəbi” yazıçılarının yaradıcılığı qeyri-adi bir sintezin nümunəsi oldu - onun əlaqə dairəsinə eyni vaxtda üç ənənə: "göl məktəbi”, Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi daxil oldu. Bunları təhlil edən tədqiqatçı yazıb: "Ədəbi faktların təsviri, müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının formalaşmasına dair təsəvvürləri nəinki genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb və ziddiyyətli formalarının tipoloji baxımdan həqiqi mənzərəsini canlandırdı. "Suriya-Amerika məktəbi”nin adı çəkilən üç cərəyanla təmasının nəticəsi burada müəyyən bədii metodların formalaşması oldu: "göl məktəbi” və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət realist Nüayməni formalaşdırdı”.

Tədqiqatçı məhcər ədəbiyyatı yaradıcılarının ədəbi-bədii üslubunun bütün incəliklərini tədqiqat obyektinə çevirir: "Mühacir yazıçılar yeni ədəbi üslubun yaradıcıları idilər. Onlar mümkün qədər bu üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bərabər, onlar ərəb klassik ədəbiyyatının ənənə və dəyərlərinə sayğılı münasibət nümayiş etdirmişlər”.

Alim ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdı: Nüaymə yaradıcılığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi öyrəndi, Cübran yaradıcılığında ingilis poeziyasının təsiri ilə romantik üslubun inkişaf prosesini izlədi, Amerika transsendentalistlərinin Əmin ər-Reyhani və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yüzlərlə ədəbiyyat oxuyur, yazıçıların ən məşhur əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyətlərini tədqiq edir, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini aşkar edir, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələrini müəyyənləşdirir.

Alimin gəldiyi qənaətə görə, ədəbi inkişaf prosesinin gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləcə onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı surətdə faydalanmışlar.

Bu yazıçıların hər biri öz yaradıcılıq metoduna xas olan etik və bədii dəyərlər ehtiyatını işə salaraq onu özünəməxsus şəkildə bədii təcrübədən keçirmişdir. Cübran və ər-Reyhani Qərb romantizminə müraciət etmişlər. Lakin ərəb romantik şairlərindən fərqli olaraq, bu yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini mexaniki şəkildə qəbul etməmiş, romantizmi yaradıcı metod kimi, yəni onlara ərəb gerçəkliyinə öz münasibətlərini ifadə etmək imkanı verən yeni nəzər nöqtəsi kimi mənimsəmişlər. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qırıb romantizm cəbhəsinə keçmişlər. Cübranın və ər-Reyhaninin yaradıcılığında romantik istiqamət nəinki mənimsənilmiş, həm də zənginləşmiş və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən, ərəb ədəbiyyatının xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin mürəkkəb sintezi nəticəsində, digər tərəfdən, hər iki sənətkarın fərdi istedadı sayəsində baş vermişdir. Beləcə, onlar ümumbəşəri problemlərin qoyuluşu səviyyəsinə yüksəlmiş və dünya ədəbi prosesinin nəinki bərabərhüquqlu iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü kimi çıxış etmək imkanı qazanmışlar.

Professor Aida İmanquliyeva təkcə ərəb mühacir şairlərinin romantikasını araşdırmaqla kifayətlənməmiş, onları Qərb romantik poeziyasının görkəmli nümayəndələri ilə müqayisəli surətdə təhlil etmişdir. Lakin tədqiqatını bununla da məhdudlaşdırmayaraq bütövlükdə romantik poeziyanı ədəbiyyatda yeni ruhlu bir hadisə kimi nəzərdən keçirmiş, bu kontekstdə ədəbi-bədii metodlar və onların mahiyyəti haqqında olduqca dəyərli fikirlər irəli sürmüşdür.

Alim araşdırmalarının sonunda belə bir müddəa irəli sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmasında ilk növbədə məhcər ədəbiyyatının nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq onun ən yaxşı nailiyyətlərini mənimsəmiş və özlərinə məxsus şəkildə inkişaf etdirmişlər. Öz əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynamışlar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənmiş, janr tərkibi daha da rəngarəng olmuş, bədii ifadənin yeni formaları yaranmış və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu Tanrı Aida xanımı yaradarkən çox səxavətli olmuş, ona yüksək şəxsi və intellektual keyfiyyətlərlə yanaşı, qibtədoğuran bir zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün bəlkə də Füzuli qələmi, Vaqif təbi, Ələsgər sözü gərəkdir. Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə tam bir harmoniya təşkil edirdi...

Görkəmli şərqşünas-alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın yubileyidir. AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu yubileyə böyük həvəslə və ciddi hazırlaşıb. Belə ki, görkəmli alimin yaradıcılığına həsr olunmuş elmi konfrans keçiriləcək. Konfransda alimin keçdiyi yol və elmi yaradıcılığının müxtəlif aspektləri onun həmkarları və tələbələrinin məruzələrində hərtərəfli işıqlandırılacaq. Konfrans əsnasında alimin əziz xatirəsinə ithaf edilmiş və vaxtilə yazdığı geniş ön sözlə çap edilmiş "Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” adlı kitabın II nəşri ictimaiyyətə təqdim ediləcək. Eləcə də Şərqşünaslıq İnstitutunun dövri nəşri -”Azərbaycan şərqşünaslığı” dərgisinin növbəti sayı bütövlüklə professor Aida İmanquliyevanın keçdiyi qısa, ancaq çox mənalı və zəngin həyat və yaradıcılığı haqqında bəhs edən məqalələri ehtiva edən sayı oxuculara təqdim olunacaq. Təəssüf doğuran bircə odur ki, onun özü bugünlərdə bizimlə deyil, ona həsr edilmiş tədbirlərimizdə iştirak etmir, gördüyümüz işi dəyərləndirə bilmir. Çox təəssüf ... Onun yoxluğunun acısını biz bu gün də yaşayır, hiss edirik, vaxtsız itkisi ilə barışa bilmirik. Təsəllimiz bircə ondadır ki, onun ruhu bu gün bizimlədir, əsərlərində, ailəsində, övladlarında və davamçılarında yaşayır!

Gövhər Baxşəliyeva, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

"Azərbaycan" qəzeti

  • Paylaş: