Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.10.2019 16:02
  • A-
  • A
  • A+

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi və İdarəetmə Sistemləri İnstitutu ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu məqsədlə BMU-da keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik sürətdə yiyələnməsi tələb olunmaqdadır.

H.Məmmədov dövlət başçısının ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq universitetdə müvafiq işlərin görüldüyünü söyləyib. Universitetdə Texnopark və İnnovasiya Mərkəzinin fəaliyyət göstərdiyini deyən rektor burada innovasiyaların, eləcə də innovativ sahibkarlığın, startapların inkişafına dəstək verildiyini bildirib. O, universitetin bu sahədə müxtəlif şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Rektor BMU-nun AMEA-nın müvafiq qurumları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb, bu əlaqələrin hər iki qurumun gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

AMEA-nın Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev isə çıxışında əməkdaşlıq müqaviləsinin imzalanması ilə BMU və akademiya arasında əməkdaşlığın yeni mərhələsinin başlanacağını vurğulayıb: "Çalışacağıq ki, layihələrdə iştirak edən tələbələrə lazımi şərait yaradılsın. Eyni zamanda, biz də universitetin müasir laboratoriyalarından istifadə edəcəyik”.

Daha sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev əməkdaşlığın ölkəmizdə bu sahənin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində yeni innovativ elmi-tədqiqat işlərinin aparılması və yeni texnologiyaların işlənilməsi həyata keçiriləcək.

Tədbirdə üç qurum arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi akademik Telman Əliyev, professor Havar Məmmədov və siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev imzalayıbalr.

Sənəddə tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiqyönümlü elmi-tədqiqat işlərinin aparılması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiqi, həmçinin birgə elmi-praktik tədbirlərin təşkili, elmi əsərlərin, tədris və tədris-metodik resursların hazırlanması, tələbələrin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi və digər istiqamətlər üzrə müddəalar əksini tapıb.

Sonda qonaqlar BMU-nun maddi-texniki bazası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: