www.science.az
15.10.2019 15:23

Akademik Akif Əlizadə Çinin Dünya Tarixi İnstitutunun alimləri ilə görüşüb

Oktyabrın 15-də Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AMEA-nın A.A.Bakıxanov adına Tarixi İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Azərbaycanla Çin arasında əlaqələrin tarixi köklərindən danışıb. Qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən və Şərq-Qərb sivilizasiyalarını birləşdirən hər iki xalq ümumdünya mədəniyyətinin yaranmasında mühüm rol oynayıb. Böyük İpək Yolunun erkən orta əsrlərdə öz tarixi əhəmiyyətini itirdiyini deyən akademik həmin dövrdə sözügedən ərazidə ticarətin canlanmasına Azərbaycanın töhfələr verdiyini, Avropa ilə ticarət əlaqələrində vasitəçilik etdiyini bildirib. Y.Mahmudov, həmçinin orta əsrlərdə Çin hökmdarlarının müharibədə istifadə etmək üçün Azərbaycanın cins atlarını aldıqlarını və bu barədə tarixi faktların yerli mənbələrdə əksini tapdığını söyləyib. O, sözügedən faktların iki ölkənin alimləri - t.ü.f.d. Nərgiz Axundova və Xou Aytszyun tərəfindən hazırlanan "Azərbaycan-Çin əlaqələri tarixindən" kitabında oxuculara tədqim olunacağını deyib.

Müasir dövrdə iki dövlətin əlaqələrinə də toxunan alim ulu öndər Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən birini 1994-cü ildə Çinə etdiyini, 1998-ci ildə onun təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. O, həmçinin Prezident İlham Əliyevin dəfələrlə Çinə səfər etdiyini və bundan sonra iki ölkənin ali elmi qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndiyini vurğulayıb.

Ötən gün Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzaladıqlarını xatırladan Y.Mahmudov qeyd edib ki, sənədə əsasən, hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlər yaradılacaq, çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq. Bundan əlavə, birgə seminar və konfransların keçiriləcəyini, kadr mübadiləsinin baş tutacağını diqqətə çatdırıb.

Y.Mahmudov daha sonra İrəvan xanlığının, Qarabağın və Naxçıvanın tarixinə həsr olunan kitabları akademik Akif Əlizadəyə təqdim edib.

Sonra çıxış edən akademik Akif Əlizadə bildirib ki, tarixi Çin mənbələrində qədim türk xalqlarına dair mühüm materiallar mövcuddur və onların iki ölkənin alimləri tərəfindən araşdırılaraq beynəlxalq arenada təbliğinə ehtiyac var. AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında 2016-cı ildə əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik sözügedən sənəddən irəli gələrək birgə tədqiqatların aparıla biləcəyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin tarixi İpək Yolunun bərpasında aktiv iştirak etdiyini deyən AMEA prezidenti tezliklə alimlərimizin bu məsələyə öz əməli töhfələrini verəcəklərini bildirib. Qeyd edib ki, Böyük İpək Yolunun tarixini, mədəniyyətini araşdırmaq üçün AMEA-nın nəzdində elmi mərkəzin yaradılması nəzərdə tutulur.

AMEA prezidenti, həmçinin cari ildə Çin səfəri və burada keçirdiyi görüşlər haqqında qonaqlara məlumat verib.

Görüşdə Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanq çıxış edərək Bakıda ilk dəfə olduğunu və Qobustan, Atəşgah dövlət qoruqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, bir sıra muzeyləri ziyarət etdiyini bildirib. Ölkəmizin qədim tarixə malik olduğunu deyən çinli alim azərbaycanlı həmkarları ilə birgə mühüm tədqiqatlar aparacaqlarını söyləyib.

Qeyd edək ki, görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının idarə rəisləri - biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Zülfüqar Fərzəliyev və Tarix İnstitutunun alimləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.