www.science.az
18.10.2019 15:53

Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Oktyabrın 18-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir. Builki simpozium “Uşaq musiqisi, uşaq nəğmələri, laylalar və bəstələnmiş uşaq şeirləri” mövzusuna həsr olunub.

Əvvəlcə kitabxanan foyesindən uşaq rəsmləri, uşaq ədəbiyyatı nəşrlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan uşaq ədəbiyyatının yaranma tarixi və inkişaf mərhələlərinə nəzər salıb. Ölkəmizdə uşaq ədəbiyyatının zəngin ənənələri olduğunu deyən alim  istər XX əsrin əvvəllərində, istərsə də sovet dövründə yaradılmış Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin dünya uşaq ədəbiyyatı xəzinəsinin nadir inciləri olduğunu vurğulayıb.

İsa Həbibbəyli müstəqillik dövrü uşaq ədəbiyyatının hədəfləri və problemlərindən danışaraq, institutda müvafiq sahənin öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü, Uşaq ədəbiyyatı şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Uşaq ədəbiyyatının xüsusi əhəmiyyət kəsb etdiyini, bu məsələnin müzakirəsinə böyük ehtiyac duyulduğunu deyən AMEA-nın vitse-prezidenti simpoziumun alimlərin, yazıçı və naşirlərin fikir və mülahizələrini söyləmək, problemdən çıxış yolu tapmaq üçün əlverişli platforma olacağını qeyd edib.

Daha sonra Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin İdarə Heyətinin sədri Bican Veysəl Yıldız çıxış edərək Azərbaycanda təşkil edilən bu simpoziumun əhəmiyyətindən danışıb. Bildirib ki, təmsil etdiyi qurum türk və İslam dünyasının uşaq ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsi işini həyata keçirir. Əsas məqsəd isə uşaqların vətənpərvərlik ruhunu yüksəltmək, onlarda milli ruhu aşılamaqdır.

Tədbir bölmə iclaslarında davam etdirilib.

Simpozium oktyabrın 19-da başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.