Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi
18.06.2014 00:00
  • A-
  • A
  • A+

Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi

Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirildi.

Tədbirdə institutun əməkdaşı, g.-m.e.d., prof. Tofiq Baharovun “Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşması mexanizmləri” mövzusunda məruzəsi dinlənildi.

T.Baharov bildirdi ki, Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataqlarının formalaşması və onların süxurlarında kollektor xüsusiyyətlərinin saxlanması məsələləri neft geologiyasının fundamental elmi problemlərindən biridir. Eyni zamanda respublikamızın neftqaz bazasının əsas artım mənbəyinin Cənubi Xəzər hövzəsinin böyük dərinlikləri ilə bağlı olduğundan, həmin regiondakı ehtiyat və resursların aşkar edilməsi, qiymətləndirilməsi və mənimsənilməsinin respublika üçün böyük əhəmiyyətə malik olduğunu söyləyən alim bunlarla əlaqədar olaraq, hövzədə böyük dərinliklərdə karbohidrogen yataqlarının formalaşması xüsusiyyətlərinin tədqiqinin yeni kompleks elmi-metodiki yanaşmaların işlənilməsini tələb etdiyini bildirdi.

T.Baharov qeyd etdi ki, təklif edilən yeni elmi konseptual yanaşmaya görə, Cənubi Xəzər hövzəsində iri ölçülü yataqların əmələ gəlməsi böyük dərinliklərdə gedən geo və hidrodinamik prosesləri də nəzərə almaqla avtoxton, yəni rezervuardaxili mexanizmlərlə bağlıdır: “Bu yataqların formalaşma mexanizminin aşkar edilməsi üçün nəzəri baza modeli işlənilmişdir. Bu iri ölçülü antiklinal strukturların yaranma mexanizmi, izostaziya qanununu nəzərə almaqla geoloji, genetik, termobarik, geo- və hidrodinamik amillərlə nəzarət olunan daxili və xarici gərginliyə əsaslanır. İşdə bu gərginliyi yaradan qüvvələr araşdırılmış, onların istiqamətləri və qarşılıqlı nisbətləri müəyyən edilmişdir”. Qeyd edilən qüvvələrin sinxron təsiri böyük dərinliklərdə karbohidrogen yataqlarının formalaşmasına və orada kollektor xüsusiyyətlərinin saxlanmasına gətirib çıxarır. Xüsusi olaraq qeyd olunur ki, bu kimi dərinliklərdə kiçik ölçülü karbohidrogen yataqları ola bilməz.

Bildirildi ki, Cənubi Xəzər hövzəsinin böyük dərinliklərində iri ölçülü karbohidrogen yataq-larının formalaşmasını təşkil edən vertikal və horizontal gərginliklər məkan-zaman baxımından araşdırılmış, formalaşma mexanizminin evolyusion və revolyusion dövrləri, bu dövrlər ərzində yatağın inkişafı, tektonik pozulmalara məruz qalması, diapirəmələgəlmə və digər proseslər mərhələlər üzrə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Cənubi Xəzər hövzəsində iri ölçülü karbohidrogen yataqlarının formalaşması və dağılması prosesi hal-hazırda da davam edir.

Həm lokal, həm də regional miqyasda yuxarıda göstərilən proseslərin gələcək modelləşdirilməsi kəşfiyyat və işlənmənin effek¬tivliyinin yüksəldil¬məsinə, yataqların potensial imkanlarının dəqiq qiymətləndiril¬məsinə və obyektlərin komponentvermə əmsallarının artırılmasına imkan yaradacaq.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: