Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.10.2019 17:20
  • A-
  • A
  • A+

Akademik Telman Əliyev Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Akademik Telman Əliyev Gürcüstanda beynəlxalq konfransda iştirak edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, tex.ü.f.d. Tofiq Babayev Gürcüstanın Kutaisi şəhərində keçirilən V Gürcü-Polşa Beynəlxalq Avropa-Asiya Nəqliyyat Körpüsü elmi-texniki konfransında iştirak ediblər.

Akaki Tsereteli adına Texniki Universitetdə baş tutan tədbirdə Polşa, Litva, Latviya, Ukrayna, Gürcüstan və Azərbaycanın 25-dən artıq alim və mütəxəssisi nəqliyyat problemlərinə həsr olunmuş elmi tədqiqat işlərinin nəticələri ilə bağlı çıxış ediblər.

Beynəlxalq konfransda T.Əliyev “Qatarın hərəkətli hissələrinin vəziyyətinə nəzarətin etibarlılığı və dəqiqliyinin artırılması üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və noise texnologiyalarının tətbiqi" adlı məruzə ilə çıxış edib.

Alim çıxışında “Bir kəmər, bir yol”  Şərq-Qərb nəqliyyat dəhlizi boyunca hərəkətdə olan qatarların təhlükəsizliyi, infrastruktur qurğuların (dəmir yolu, körpülər, tunnelər və s.) texniki vəziyyətinin monitorinqi üçün noise texnologiyalarının istifadə olunması, müxtəlif tipli intellektual noise monitorinq sistemlərinin yaradılması və tətbiqi barədə geniş məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Həmçinin akademik T.Əliyevin rəhbərlik etdiyi elmi müəssisə ilə Rafael Dvali adına Gürcüstan Maşın və Mexanizmlər İnstitutu arasında “Bir kəmər, bir yol”  Şərq-Qərb nəqliyyat dəhlizi boyunca intellektual monitorinq təhlükəsizliklik sistemlərinin yaradılması üçün memorandumun imzalanmasına dair razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: