Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.10.2019 09:57
  • A-
  • A
  • A+

Böyük dramaturq Hüseyn Cavidin “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib

Böyük dramaturq Hüseyn Cavidin “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib

Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə dahi dramaturq Hüseyn Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib.

Oktyabrın 22-də Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatı keçirilib.

Əvvəlcə bir qrup tədbir iştirakçısı “Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə universitetin prorektoru Boris Vukiçeviç Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə minnətdarlığını bildirib.  

Mərasimdə çıxış edən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, “İblis”in Monteneqro nəşrinə müfəssəl müqəddimənin müəllifi Eldar Həsənov öncə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik “Kral” parkında Cavidin abidəsinin ucaldılmasından danışıb. O, bu abidənin Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının iki xalq arasında nəcib amala – dostluğa və humanizmə xidmət etdiyini vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa müdaxiləsi və səyləri nəticəsində hələ sovet dövründə Cavidin cənazəsinin Sibirdən, uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edildiyini vurğulayan səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə Cavid irsinin tədqiqi və təbliği sahəsində tamam yeni bir mərhələnin başlandığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək onun dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki mühüm yeri barədə mərasim iştirakçılarına məlumat verib. Bildirib ki, Hüseyn Cavid XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb. Böyük ədibin əsərlərini oxuduqca Cavid bizə köhnə bir klassik, yüz illər öncə yaşamış qədim filosof kimi görünür.

"Heç səbəbsiz deyil ki, Cavidi dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə etmiş, Azərbaycanın və Şərqin Şekspiri adlandırmışlar. Bunun səbəbi şairin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir" - deyə bildirən R.Hüseynov onun fars dilini və Şərq ədəbiyyatını dərindən öyrəndiyini, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb yaradan görkəmli filosof və ədiblərdən dərs aldığını diqqətə çatdırıb. Qeyd edib ki, 1926-cı ildə Cavidi hökumətin qərarı ilə gözlərini müalicə etdirmək üçün uzun müddətə Almaniyaya ezam etmişdilər. Çox həmvətənləri üçün qapalı olan Avropanı və Avropa həyatını yaxından görüb müşahidə etmək ona nəsib olmuşdu. Aldığı dərin biliklər, geniş mütaliəsi və içərisindən keçdiyi coğrafiya Hüseyn Cavidi varlığında həm Şərqi, həm Qərbi birləşdirən düşüncə sahibinə çevirmişdi, ona bir çox həqiqətlərə üstdən, panoramda, geniş miqyasda baxmaq imkanı yaratmışdı. Ona görə də ədəbi yolunun lap başlanğıcından onun bəhs etdiyi mövzular və mətləblər milli çərçivədən kənara çıxaraq ümumbəşəri əhəmiyyət daşıyırdı. Onun zəngin palitrası olan əsərlərinin mövzuları, süjetləri və qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan, Yaxın və Orta Şərqdən, Asiya və Avropadan gəlirdi.

Cavidin Birinci Dünya müharibəsi dövründə yaranmış “İblis” əsərinin məziyyətlərindən bəhs edən akademik Rafael Hüseynov bildirib ki, faciələr müəllifi olmuş, öz həyatı da faciələr silsiləsindən ibarət Cavidin Sibirdə dustaq olarkən yazdığı son dramının adı “Allah” idi. Bundan əvvəlsə o, “Peyğəmbər” və “İblis” pyeslərini yazmışdı. Yəni bu üç əsərlə mütəfəkkir şair insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yaradıb. Cavidin bütün yaradıcılığı xeyirlə-şərin, işıqla-zülmətin, istiqlalla-istibdadın mübarizəsinin ifadəsidir. Bu əbədi qarşıdurma isə ən bariz şəkildə məhz onun bu 3 əsərində əks olunub.

Rafael Hüseynov Cavid incisinin Monteneqro dilinə tərcüməsi və nəşrinin ölkələrimiz və xalqlarımız, ədəbiyyatlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafında mühüm hadisə olduğunu vurğulayıb. O, “İblis” pyesini öz ana dilində məharətlə səsləndirmiş Draqana Pantovitsə təşəkkürünü bildirib. 

Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi salnamə. Bədii sənədli kino xronikası şöbəsinin hazırladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.

Monteneqronun tanınmış yazıçıları akademik Sreten VuyoviçQoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: