www.science.az
28.10.2019 16:43

AMEA-nın müxbir üzvü Elmira Ramazanovanın 85 yaşı tamam olur

Bu gün neft, qaz və kimyanın geotexnoloji problemləri sahəsində tanınmış alim, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanovanın 85 yaşı tamam olur.

Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların   separasiya   şəraitlərinin hesablanma  metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik,  1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat  yataqlarının  termodinamiki  tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. E.Ramazanova 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur.

E.Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir.

2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub. O, Ümumdünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihəsinin rəhbəri və qalibi olub. Eyni zamanda, bir sıra beynəlxalq səviyyəli ekoloji layihələrin rəhbəridir.

Alim 400-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 11 tədris-metodiki vəsait, 34 patent və ixtiranın müəllifidir.  Onun rəhbərliyi ilə 25 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanıb.

O, Afina Milli Kapodistrian Universitetinin “Avrasiya” jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Neft Təsərrüfatı” jurnalının və “Vışka” qəzetinin redaksiya heyətinin üzvü, AMEA Yer Elmləri Bölməsinin büro üzvü, Azərbaycan Respublikasının Milli Neft Komitəsinin vitse-prezidentidir.

E.Ramazanova elm və texnologiyaların inkişafındakı nailiyyətlərinə görə “Şərəf nişanı”və “Şöhrət” ordenləri, Əməkdar elm xadimi, “SSRİ Neft sənayesi əlaçısı” nişanı , SSRİ-nin Fəxri neftçisi, “Vyetnamın Neft Sənayesinin Fəxri Xadimi” və İqtisadi Əməkdaşlıq Təşkilatının “11-ci sammit ECO-2010” mükafatlarına layiq görülüb.

Görkəmli alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.